Seksual qısnamanın cəzası ağırlaşdırılmalıdır? — RƏY

GÜNDƏM 26 okt 2023, 17:19
Seksual qısnamanın ağır cinayətlərə aid edilməsi təklif olunub.

Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə edilən “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, Cinayət Məcəlləsinin 151-ci maddəsinə (Seksual xarakterli hərəkətlərə məcburetmə)“seksual qısnama” sözləri əlavə edib, onu konkretləşdirərək əməli böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə aid etmək olar. O da qeyd olunub ki, seksual qısnamanın xüsusi hallarında, o cümlədən qısnamanın fiziki və psixoloji zorakılıqla müşayiət olunduğu və ya seksual qısnama zəminində şəxsə qarşı seksual xarakterli hərəkətlərin edilməsi hallarında Cinayət Məcəlləsində ayrı maddə nəzərdə tutula bilər.

Hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, təklif olunan dəyişiklik qəbul olunarsa, sözügedən maddə bölünməli və iki bənddən ibarət olmalıdır:
“Birinci bənd əmlakdan məhrum etmək, əmlakı zədələmək qorxusu ilə şəxsi seksual hərəkətlərə məcbur etmə, ikinci bənd isə seksual qısnama, yəni maddi asılılıqdan istifadə etməklə şəxsi cinsi əlaqəyə və ya seksual hərəkətlərə məcbur etmə şəklində olacaq. 



Qüvvədə olan 151-ci maddə üç ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Bunu dərhal ağır cinayətlərə aid etməyi doğru hesab etmirəm. Qarşı tərəfin razılıq vermə məsələsi var. Hesab edirəm ki, qısnama özü də iki cür şərh edilməlidir. Maddi asılılıqdan istifadə edərək hadisə törədilibsə, bu, az ağır cəza ilə cəzalandırıla bilər. Əgər bu hərəkətlər ağır nəticələrə səbəb olubsa, dərəcəsindən asılı olaraq (zərərçəkmiş sonradan özünə xəsarət yetirə, qəsd edə, həyatını itirə bilər) bəndlər və müvafiq cəza müəyyən etmək olar. 

Belə dəyişikliklər cinayətin statistikasına və məhkəmə təcrübəsinə əsaslanmalıdır. Bəzi ölkələrdə seksual qısnama halları çox yayılıb. Azərbaycanda bu barədə kütləvilik yoxdursa, məhkəmə parktikasında buna az-az rast gəlinirsə, Məcəlləyə bunu seksual qısnama adı ilə daxil etmək fikrimcə məqsədəuyğun olmazdı”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top