Qəzzaya 20 ton humanitar yük göndərildi

DÜNYA 21 okt 2023, 23:40

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (HMKİ) ərzaq, su və dərman vasitələri olan 20 yük avtomobilinin Misirin "Rafah" nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına yola düşdüyünü təsdiqləyib.

Bu barədə HMKİ-nin Fələstindəki ofisinin direktor müavini Andrea di Domeniko bildirib.

Onun sözlərinə görə, Misirin Qırmızı Xaç Komitəsi Qəzzaya yardımın çatdırılması əməliyyatına rəhbərlik edir. Ancaq A.Domeniko bu yardımın 2,3 milyon fələstinli üçün yetərli olmayacağını qeyd edib.

BMT-nin Baş katibi Antonio Quterriş sözügedən yük karvanının Misirin "Rafah" nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına yola düşəndən sonra bəyan edib ki, Qəzza sektorunda zəruri midarda humanitar yardıma tələbat var.

“Biz bu məqsədə nail olmaq üçün dayanmadan iş aparırıq. Mən dünən "Rafah" nəzarət-buraxılış məntəqəsində oldum və belə bir təzadla qarşılaşdım: bir tərəfdə ərzaq məhsulları və zəruri avadanlıqlarla dolu olan yüzlərlə yük avtomobili, sərhədin digər tərəfində isə bildiyimiz kimi, sudan, yeməkdən, elektrik enerjisindən və dərman vasitələrindən məhrum olan iki milyon insan... Bu yük avtomobilləri ən qısa zamanda tez, salamat və təhlükəsiz şəkildə Misirdən Qəzza sektoruna doğru irəliləməlidir”, - deyə, A.Quterriş Misirdəki Sülh sammitində bildirib.

BMT-nin Baş katibi, həmçinin dərhal humanitar atəşkəsə nail olmağa çağırıb./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top