“Digər hüquq-mühafizə orqanları ilə müqayisədə polisin maaşı dəfələrlə azdır” — Artım gözlənilir?

SOSİAL 17 oktyabr 2023, 14:16
Deputat Fəzail Ağamalı Milli Məclisdə “Polis haqqında” Qanuna təklif edilən dəyişikliklə bağlı əməkhaqqı məsələsinə toxunub. 

Demokrat.az
xəbər verir ki, deputat əməkhaqqının polislərin xidmətinə adekvat olmadığını deyib:

“Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın bəxş etdiyi sevincli və qürurlu günlər yaşayır. Bu komandanın içərisində Daxili İşlər Nazirliyi xüsusi yer tutur. O qan yuvasında, şeytan yuvasında bütün təmizlik işlərini aparan polislərimiz oldu. 25 gün ərzində onlar həmin əraziləri təmizlədilər və Prezident Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımızı qaldırdı. Hazırkı əməkhaqqı onların xidmətinə adekvat deyil”.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev də deputatın fikirlərilə razıdır.

O, Demokrat.az-a açıqlamasında xatırladıb ki, hələ milli ordu formalaşana qədər Birinci Qarabağa müharibəsində polislər həyatlarını təhlükəyə atıblar:

“Həm vəzifə funksiyalarının, həm də Vətənə sədaqət ruhunda konstitusion vəzifələrinin yerinə yetirilməsi uğrunda canlarını fəda etdilər. Polislər arasında Birinci Qarabağ müharibəsinin milli qəhrəmanları var, orden və medallarla təltif olunan qazilər, veteranlar var. Mən də müharibə veteranlarından və komandirlərindən biriyəm. Fəxr edirəm ki, Vətən uğrunda döyüşmək mənə də nəsib oldu”. 

Ş.Əliyev deyib ki, Azərbaycan polisi bu gün Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyin nəzdində fəaliyyət göstərən bir sıra orqanların vəzifə funksiyalarını da həyata keçirir:

“Bu gün icra məmurlarının gördüyü işləri də vaxtilə polis yerinə yetirib. Əməkhaqqının gördükləri işlərlə mütənasib olmaması fikri təmamilə doğrudur. Digər hüquq-mühafizə orqanları ilə müqayisədə iki-üç dəfə azdır. Polislərin daha çevik  və səmərəli fəaliyyət göstərməsi üçün əməkhaqqının artırılması vacib şərtlərdən biridir”. 

Müsahibizim onu da əlavə edib ki, cinayətkarlıqla mübarizənin vəziyyətini Avropa ölkələrilə müqayisə etdikdə Azərbaycanda 100 min nəfərə düşən cinayətlərin sayı daha azdır:

“Bizdə 100 min nəfərə 200-300 cinayət düşürsə, Avropada bu rəqəm 2-4 min arası dəyişir. Orada polisə verilən əməkhaqqı qat-qat yüksəkdir. Bundan əlavə digər sosial təminatları da var – sanatoriya, kurort xərcləri qarşılanır, məzuniyyətə çıxanda da yüksək əməkhaqqı verilir. Düşünürəm ki, tezliklə əməkhaqqının artırılması reallaşdırılmalıdır. Polis fəaliyyətinə görə rəğbətləndirilməlidir. Əməkhaqqının artırılması bunun bir təzahürü olardı. Bəzən deyilir ki, polisdə şəxsi heyət çoxdur, ona görə büdcədən çox vəsait ayırmaq məqsədəuyğun deyil. Yanlış yanaşmadır. Dünyanın hər yerində polisin şəxsi heyəti çoxdur, lakin əməkhaqqı bəzi ölkələrdə bizdəkindən yüksəkdir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 iyun 2025, 15:18
Top