"Əvəz Zeynallı deyirdi ki, "bandit", quldur Adil Vəliyev..." — İcra başçısı məhkəmədə ifadə verdi

KRİMİNAL 15 sentyabr 2023, 16:07
“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə bəzi şahidlərin məhkəmə çağırışlarına gəlmədiyi məlum olub. 

Hakim deyib ki, iş üzrə şahid Telman Vəliyev, Ramin Hüseynov, Sabunçu epizodu üzrə sahə müvəkkili Orxan Dadaşov, Sumqayıt epizodu üzrə sahə müvəkkili Ramin Hüseynova  bildiriş göndərilsə də, prosesə gəlməyiblər. 

Hakim həmçinin bildirib ki, Orxan Dadaşov əvvəl Sabunçu polisində işləsə də, hazırda  Ağdam rayonunda xidmətdədir. 

Prokuror Eldar Həmzəyev şahidlərin məhkəməyə çağırılması ilə bağlı tədbir görülməsini tələb edib. Təqsirləndirilən şəxslərin vəkilləri isə şahidlərin məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul edilməsini istəyiblər. 

Əvəz Zeynallı bildirib ki, adıçəkilən şahidlərin heç birini tanımır: "Onların heç biri şahid olmayıblar. Onların adını işə istintaq salıb, ona görə də vəziyyət belə yaranıb. Biz indi hər həftə bir şahidin işinə baxsaq, o zaman bizə 30 həftə vaxt lazım olacaq. Onlarla bağlı vaxt itirmək lazım deyil. Bu işdə bir şahid var. O da Elçin Sadıqovdur. Onun bura gətirilməsini istəyirəm".

Məhkəmə iş üzrə şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edib. Hakim həmçinin deyib ki, polis əməkdaşı Orxan Dadaşova yenidən məhkəməyə dəvət olunması barədə bildiriş göndəriləcək. 

Daha sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Əvəz Zeynallını tanıyır. Onun sözlərinə görə, rayonun Sabunçu qəsəbəsində qeyri-yaşayış sahəsinin tikinti işi ilə bağlı qəsəbə icra nümayəndəsi ilə tikinti sahibi Ruslan Vəliyevin mübahisə olub:

"Bununla bağlı Əvəz Zeynallı mənə zəng etdi, xahiş etdi ki, işçilərimiz həmin tikintiyə müdaxilə etməsinlər. Mən də bununla bağlı işçilərə göstəriş verdim ki, həmin tikintiyə müdaxilə etməsinlər. Sonradan öyrəndim ki, həmin ərazi neft şirkətinə məxsusdur. Bizim orada tikintiyə hansısa müdaxilə etmək səlahiyyətimiz yoxdur. Bizim sökmək ixtiyarımız yox idi. Lakin tikintini dayandırıb, məhkəməyə müraciət etməliyik. Bizim tikintiyə sərəncam vermək səlahiyyətimiz yoxdur. Orada tikintiyə icazə vermək neft şirkəti və Bakı şəhər İcra Hakimiyyətinin arxitektura komitəsinin razılığı olmalıdır. Amma bizim səlahiyyətimiz olmasa da, orada tikintilərə müdaxilə edirik. Burda qanunvericiliyə görə tikintini dayandırıb, məhkəməyə müraciət etmək səlahiyyətimiz var. Amma biz məhkəməyə müraciət etmədik, tikintini sökdük. Bu da qanunsuz hərəkət idi".

İcra başçısı daha sonra qeyd edib ki, sonradan Əvəz Zeynallı və tikinti aparan şəxs olan Xanım Allahverdiyevanı qəbul edib: "Onlara həmin ərazidə tikinti aparmağın mümkünsüz olması barədə izah etdim. Əvəz Zeynallı bu izahını müsbət qarşılasa da, Xanım Allahverdiyeva isə bundan narazı qaldı. Həmin görüşdə Əvəz Zeynallıya telefon nömrəmi verdim. Dedim ki, efirdə haqqında xoşagəlməz ifadələr işlətməyin. Nə sözü olsa, mənimlə əlaqə saxlasın. Daha haqqında söyüş söyməsin".

Adil Vəliyev bildirib ki, Əvəz Zeynallını özü dəvət edib: "Mənim barəmdə dəfələrlə Xural TV-də təhqirlər, böhtanlar deyilirdi. Böhtan atırdı mənə, qarğışlar edirdi. Xural tv də deyirdi ki, Adil Vəliyev nədir? Kimdir yox, nədir? Sonra deyirdi ki, "bandit", quldur Adil Vəliyev, sonra deyirdi ki dövlət büdcəsini soyub talayır, Adil Vəliyevin biznes imperiyası var. Əvəz Zeynallının telefonunu tapıb ona zəng vurdum. Dedim ki, siz mənə qarğış edirsiniz, kişi kişiyə qarğış eləməz. Dedim ki gəl söhbət edək. Əvəz Zeynallı da təklifi qəbul elədi, gəldi. Bundan sonra Əvəz Zeynallı ilə tanışlığımız başladı".
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top