Elektron reseptlər: Həkim – aptek sövdələşməsinə son qoyulur?

SOSİAL 13 sentyabr 2023, 17:27
Cari ilin sonunadək ölkədə Elektron Resept sisteminin istifadəyə verilməsi planlaşdırılır. Sözügedən yenilik tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.

E-Resept sisteminə keçidi müsbət addım kimi dəyərləndirən Mill Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, bu, bir çox pozitiv dəyişikliklərə səbəb olacaq:

“İlk növbədə həkimlə aptek arasındakı qeyri-sağlam münasibətlərin aradan qaldırılmasında nəzarət sistemi yaradılmış olacaq. Hansı həkimin xəstəni daha çox hansı aptekə yönləndirdiyini elektron qaydada yoxlamaq mümkün olacaq. Digər tərəfdən, artıq vətəndaş biləcək ki, lazımi dərmanı hansı aptekdən əldə edə bilər, axtarmağa vaxt sərf etməyəcək. Hansı dərman vasitəsinə tələbatın çox olduğu və ya hansının çatışmadığı barədə həm səhiyyə müəssisələri, həm də dərman topdan satışçıları vaxtında xəbərdar olacaq. Bu da dərman  bazarının tənzimlənməsinə müsbət təsir edəcək”. 


Deputat hesab edir ki, yaxın gələcəkdə vətəndaşların ambulator dərman preparatları ilə təminatı İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilməlidir:

“Vətəndaşların stasionar tibbi xidmətləri Agentlik tərəfindən qarşılansa da ambulator dərman təminatı qarşılanmır. Vətəndaş iki dəfə pul ödəmiş olur. Həm öz əməkhaqqısından İTS-yə ödəniş edir, həm də dərman vasitələrini özü alır. Əgər ambulator dərman vasitələrinin də ödənişi İTS tərəfindən qarşılansa, dərman bazarında qiymətlər aşağı düşəcək, çünki Agentlik artıq özü qiymətlərin aşağı olmasında maraqlı olacaq. Vətəndaş da dərmana xərclədiyi pula qənaət edəcək”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top