Ermənistanın əl-ayağını bağlayan Brüssel görüşü: Sülh sazişi imzalana bilərmi? — ŞƏRH

GÜNDƏM 13 iyl 2023, 18:59
İyulun 15-də Brüsseldə növbəti dəfə üçtərəfli görüş keçiriləcək.

Mayın 14-də keçirilən üçtərəfli danışıqlar Azərbaycan üçün əhəmiyyətli nəticələrlə yadda qaldı. Brüssel görüşünün yekununda 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqlik ifadə olundu və rəsmi şəkildə öz təsdiqini tapdı. Bu, Paşinyan və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə etiraf etməsi demək idi.

Növbəti görüşdə hansı istiqamətlər üzrə razılıq əldə oluna bilər? 


Politoloq Cümşüd Nuriyev Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında iyulun 15-də keçiriləcək növbəti Brüssel görüşü ilə bağlı proqnozlarını Demokrat.az-a açıqlamasında bölüşüb. 

Ermənistana bel bağlamağın mümkün olmadığını deyən politoloq bildirib ki, Paşinyan normal siyasətlə məşğul deyil:

“Amma intensivliyin artması özü müsbət amildir. Bu görüş iyulun 21-nə planlaşdırılmışdı. Bir həftə əvvələ çəkilməsi onu deməyə əsas verir ki, burada Qərbin də maraqları var”. 

Prezidentin ötən 6 ayın sosial-iqtisadi yekunları ilə bağlı çıxışında səsləndirdiyi məqamlara toxunan politoloq qeyd edib ki, İlham Əliyevin Azərbaycanın mövqeyini bir daha açıqlaması mühüm mesaj idi:

“Vilnüsdə keçirilən NATO sammitində isə Türkiyə Prezidenti Ərdoğan Rusiyaya mühüm ismarıc verdi. Qəti şəkildə bildirdi ki, sülhməramlılar 2025-ci ildən sonra artıq Qarabağda qalmayacaqlar. Ermənistan mətbuatının yazdığına görə Ərdoğan onlara da bir ay vaxt verdi ki, Azərbaycanlı bağlı bütün məsələlərə son qoysunlar”. 

C.Nuriyevin fikrincə, sülh sazişinin imzalanacağı real görünmür, çünki belə bir saziş hazırlanmayıb:

“Azərbaycan tərəfi 5 təklif irəli sürüb. Erməni mətbuatının yazdığına görə isə, guya 7 təklif var. ABŞ-ın mövqeyi bir qədər fərqlidir. Ermənilər o qədər yalan danışırlar ki, indi hətta düz desələr də inanmaq olmur. Bəlkə də 7 təklif var, amma bir o qədər də inandırıcı görünmür”. 

Sərhədlərin delimitasiyasından danışan siyasi şərhçinin sözlərinə görə, bu məsələdə kifayət qədər irəliləyiş var:

“Ötən gün Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mger Qriqoryan arasında görüş keçirildi. Qeyri-rəsmi də olsa artıq Qazaxın Sofulu və Bərxudarlı kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçdiyinə dair məlumatlar var. Həmin iki kənd sərhədimizə bitişik kəndlərdir. Digər 5 kəndsə anklavdır. Əgər Brüsseldə bu barədə razılıq əldə olunsa, bu, bizim maraqlarımıza cavab verəcək”. 

Son olaraq C.Nuriyev iyulun 15-də ilkin razılıq əldə oluna biləcəyi ehtimalını irəli sürüb:

“Tərəflər hər hansı memorandum imzalaya bilər. Vaşinqtonda razılaşdırılmış şərtlər var idi, imzalana bilər və işçi qrupu bunu davam etdirə bilər. Beynəlxalq razılaşmalarda bir sıra variantlar var. İkitərəfli bəyannamə də imzalana bilər. Bir sözlə, Ermənistanın artıq qaçacaq yeri yoxdur”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top