“OBA” marketlər şəbəkəsinin vəzifəli şəxslərinin adından pul yığan kimdir? — ŞOK FAKTLAR

KRİMİNAL 13 iyun 2023, 14:40
Mingəçevir şəhərində 1985-ci il təvəllüdlü Cəlal “OBA” marketlər şəbəkəsinin vəzifəli şəxslərinin adından istifadə edərək tanışı Laləyə qarşı dələduzluq edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Cəlal özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Lalənin yaşadığı Mingəçevir şəhəri, Günəş küçəsi, 41 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən gündəlik tələbat mallarının satışı ilə məşğul olduğu mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik edəcəyini yalandan vəd edib. 

O, 2022-ci ilin fevralından iyun ayınadək olan müddət ərzində 18 min manatını alaraq dələduzluq edib. 

Cəlalın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2022-ci ilin yanvar ayından müvəqqəti olaraq Mingəçevir şəhərində yaşayıb: 

“Lalə ilə 2022-ci ilin yanvar ayında Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “OBA” marketdə tanış oldum. Lalə yaşadığı evin həyətində mağaza işlədirdi. Həmin vaxtdan sonra da münasibətlərimiz yarandı. Lalənin bacıları ilə də tanış oldum. Bundan sonra yaxın münasibətlərimiz yarandı. Dəfərlələ Lalə və Lalənin bacılarına müxtəlif işlərdə köməklik göstərmişəm. Həmçinin Lalənin işlətdiyi mağazaya müxtəlif məhsulların verilməsinə köməklik etdim. Eləcə də dəfələrlə pulla bağlı köməklik etmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin fevralında Naibə ilə mobil telefon vasitəsi ilə danışarkən Laləyə 1800 manat borcu olduğunu bildirib: 

“Naibə isə mənə özündə pul olduğunu, mənə 1800 manat məbləğdə pul verə biləcəyini bildirdi. Bundan sonra öz adına olan kart hesabını Naibəyə göndərdim. Naibə də mənə 1800 manat məbləğdə pul göndərdim. Bundan sonra müxtəlif vaxtlarda Naibə və Lalə bacıları mənə təxminən 8000 manat məbləğdə borc pul verdilər”. 

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra bir neçə dəfə Laləgillə əlaqə saxladıqda ondan pul istəyib: 

“Mən də Laləgilə təxminən 400 manat məbləğdə pul göndərdim. Lakin 2022-ci ilin yay aylarında Lalə mənə telefon vasitəsi ilə zəng edərək ondan 14000 manat məbləğdə pul aldığımı bildirdi. Mən isə Laləyə bu məbləğdə pul almadığımı bildirdim. Bundan sonra Lalə və bacıları yaşadığım Ağdaş rayonu Maşad kəndinə getdilər. Həmin vaxtlar Lalə və Naibəyə ümumilikdə 3500 manat məbləğdə pul qaytardım. Həmçinin aramızda şifahi olaraq razılaşdıq ki, hər ay Laləyə 500 manat məbləğdə pul verəcəm. Lakin imkanım olmadığı üçün aldığım pulu geri qaytarmadım. Bununla belə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişəm və onunla barışmışam”. 

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalənin sözlərinə görə. yaşadığı evin həyətyanı sahəsində yerləşən gündəlik tələbat malları mağazasını işlədir: 

“Cəlalı 2022-ci ilin yanvar ayından tanımışam. Daima Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “OBA” marketdən müxtəlif ərzaq məhsullarını alıb yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazada satıram. 2022-ci ilin yanvar ayında yenə də həmin mağazadan müxtəlif ərzaq məhsullarını alarkən təsadüfən Cəlal adlı şəxslə tanış oldum. Cəlal müxtəlif ərzaq məhsullarından bir neçə ədəd aldığımı gördü və nə işlə məşğul olduğumu soruşdu. Mən də Cəlala yaşadığım evin həyətyanı sahəsində yerləşən mağazada aldığım ərzaq məhsullarını satdığımı bildirdim. Söhbət əsnasında Cəlal mənə özünü sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək “OBA” marketlər şəbəkəsinin müxtəlif vəzifəli şəxslərini tanıdığını bildirdi. Həmin şəxslərin vasitəsi ilə yaşadığım evin həyətyanı sahəsində yerləşən mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik göstərə biləcəyini dedi. Həmin zaman bir-birimizə telefon nömrəmizi verdik”.
 
Zərərçəkmiş qeyd edib ki, sonradan Cəlalla aralarında münasibət yaranıb: 

“Cəlal yaşadığım evin həyətyanı sahəsində yerləşən mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik etmək üçün məndən 18000 manat məbləğdə pul istədi. Mən isə həmin məbləğdə pulu qısa müddətə verə bilməyəcəyimi, lakin bir neçə ay ərzində həmin pulu Cəlala verə biləcəyimi bildirdim. Cəlal da mənimlə razılaşdı”. 

Lalə deyib ki, bundan sonra müxtəlif vaxtlar ərzində Cəlala 18000 manat məbləğdə pul verib: 

“Həmin pulların bir hissəsini Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemləri terminalı vasitəsi ilə, bir hissəsini isə əlbəəl vermişəm. Yəni 2022-ci ilin mart ayı ərzində Cəlala göndərdiyi kart hesabına Mingəçevir şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemləri terminalı vasitəsi ilə 1991 manat, 2022-ci ilin aprel ayında 3831 manat, 2022-ci ilin may ayında 1573 manat məbləğdə, ümumilikdə 7395 manat məbləğdə pul göndərmişəm. Qalan pulu isə əlbəəl Mingəçevir şəhəri ərazisində görüşən zaman Cəlala vermişəm. Həmin pulun bir hissəsini, yəni 3000 manatı isə hisə-hissə olmaqla tanış taksi fəaliyyəti ilə məşğul olan Fevral adlı şəxsin vasitəsi ilə Cəlala göndərmişəm”. 

Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Cəlal 1 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 

Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 08:27
Top