Hərbi ekspert: "Bu addımlar Qarabağda yenidən münasibətlərin gərginləşməsinə səbəb olacaq"

QARABAĞ 06 iyn 2023, 15:25
"Ənənəvi olaraq Ermənistan tərəfindən Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. Görünən odur ki, erməni tərəfi sabitliyin bərqərar olmasında maraqlı deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib. 

Hərbi ekspert deyib ki, Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərin qarşısında uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasına cəhd göstərilib: 

"Burada narahatedici məqam odur ki, separatçı birləşmələri Qarabağ ərazisində yenidən Azərbaycan Ordusuna qarşı mühəndis-istehkam tədbirləri həyata keçirməklə, yenidən möhkəmlənməyə cəhd edirlər. 

Hesab edirəm ki, bu məqam xüsusilə diqqətə alınmalıdır. Ermənistanın bu fəaliyyəti ondan xəbər verir ki, ermənilər yenidən Qarabağda hərbi birləşmələrinin müdafiə imkanlarını möhkəmləndirməyə çalışırlar. Bu hadisə isə 10 noyabr 2020-ci il Bəyanatına ziddir".

Ramil Məmmədli qeyd edib ki, Rusiya sülhməramlıları vasitəçi kimi bu məsələdə məsuliyyət daşıyır: 

"İlk növbədə Qarabağda olan erməni silahlı birləşmələri ərazini tərk etməlidirlər və Rusiya vasitəçi kimi bu məsələdə məsuliyyət daşıyır. 

Hesab edirəm ki, bütün bu addımlar Qarabağda yenidən münasibətlərin gərginləşməsinə səbəb olacaq. Yəni, Azərbaycan separatçılara məxsus həmin mühəndis-istehkam sistemlərinin sıradan çıxarılması üçün yenidən əməliyyat keçirtmək məcburiyyətində qalacaq".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top