Dövləti şantaj edənlərin “min manat davası” ermənilərə necə fürsət yaratdı?! — VİDEO

GÜNDƏM 05 iyn 2023, 12:40
Prezident Administrasiyasının önündə “min manatın davası”nı edən bir qrup “qhtşnik” sosial şəbəkələrdə QHT-lərə Dövlət Dəstəyi Agentliyini onlara “hücum” etməkdə ittiham edir. Ataların gözəl bir sözü var, “utanmasan oynamağa nə var ki...”.

Doğrudan da, utanmırlar. Dövləti, xalqı pis vəziyyətdə qoyduqları yetmirmiş kimi, hələ də utanmadan danışırlar. Xəbərləri də yoxdur ki, onların etdikləri ermənilərin əlinə Azərbaycanı ittiham etmək üçün yaxşı fürsət verib. Bəlkə də xəbərləri var, amma belələri üçün dövlət də, millət də “min manatdan” ibarət olduğu üçün heç də narahat deyillər.

Bəs Ermənistan mediası nə yazır?

“Laçın dəhlizini bağlayan ekofəallar onlara verilməli olan ödənişi ala bilmədikləri üçün Azərbaycan hökumətinə etiraz edir...”.

Bu ifadələr Ermənistan mediasında, o cümlədən, ermənipərəst xarici mediada tirajlanır.

Baş verənləri bu cür təqdim etmələri səbəbsiz deyil. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa-Xankəndi yolunu bağlayaraq, aksiya keçirməyə başlayanda Ermənistan və havadarları yolun “açılması” üçün Azərbaycan dövlətinə beynəlxalq səviyyədə təzyiq kampaniyasına başladı. Əsas tezisləri belə idi ki, bu aksiyanı Azərbaycan hökuməti təşkil edib və ora gələnlər “muzdlu insanlardır”. 

Məqsədləri rəsmi Bakının Qarabağda suverenliyimizin tam bərpa edilməsi siyasətinin qarşısını almaq idi. Məsələni Beynəlxalq Haaqa Məhkəməsinə qədər apardılar, lakin Prezident İlham Əliyevin qətiyyətli siyasəti heç bir gücün Azərbaycanı yolundan döndərməyə imkan vermədi. 

Nəhayət, Laçın postu quruldu və Azərbaycan Qarabağda suverenliyin tam bərpa edilməsi istiqamətində tarixi addım atdı. Ermənistan və havadarları isə fakt qarşısında qaldılar, lakin Laçında qurulmuş sərhəd-keçid məntəqəsinin götürülməsi məqsədilə müxtəlif formalarda apardıqları işi dayandırmayıblar. Məhz Prezident Administrasiyasının qarşısında “min manatın davası”nı aparan “qhtşniklər” Ermənistana, anti-Azərbaycan dairələrinə göydəndüşmə fürsət yaratdılar.

Etiraz edən bir neçə “qhtşnik” əvvəlki dövrdə layihələrə ayrılan qrantların məbləğinin çox yox, 1000 AZN azalmasını qəbul etmir, “biz Şuşa-Xankəndi yolunda can qoymuşuq” iddiası və ədası ilə tələblər irəli sürürdü. Məsələ qrant almaları yox, “niyə 1000 manat az almaları”dır. Onların etdiyi dilənçilikdən başqa bir şey deyil, amma bunu “biz Şuşa-Xankəndi yolunda can qoymuşuq” formasında etmələri isə dövləti şantaj etməkdən başqa bir şey deyil. 

Aydın oldu ki, onların aksiyada iştirak etmələri də “nəsə qazanmaq” məqsədinə xidmət edib və dərhal Prezident Administrasiyasının önünə çıxaraq, özlərində dövləti şantaj etmək haqqı görürlər. Bu məsələnin bir tərəfi...

Digər tərəfi isə Prezident Administrasiyasının önündə pul dilənən bu “qhtşniklərin” “biz Şuşa-Xankəndi yolunda can qoymuşuq” iddiası Ermənistanın və havadarlarının “aksiyanı Azərbaycan hökuməti təşkil edib, “muzdluları” yola çıxararaq, Laçın dəhlizini bağlayıb” iddiasını yenidən gündəmə gətirməyə, “Azərbaycanlılar özləri bunu təsdiq edir” kampaniyası aparmalarına əsas yaratdı. Təbii ki, Laçın postunun ləğv edilməsi məqsədilə beynəlxalq səviyyədə apardıqları kampaniyada bu “qhtşniklərin” iddialarını “arqument” kimi istifadə edəcəklər.

Dövlətə və xalqın maraqlarına bu qədər zərbə vurmalarına rəğmən, həmin “qhtşniklər” utanmadan hələ də danışırlar, ittihamlar və iddialar irəli sürürlər, utanmadan min hoqqadan çıxırlar...




Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top