Dünya Taekvondosunun prezidenti: Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir

İDMAN 27 may 2023, 15:40
Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı öncəsi mətbuat konfransı keçirilib.

Demokrat.az
xəbər verir ki, mundialın baş tutacağı Bakı Kristal Zalında təşkil olunan tədbirdə Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, texniki nümayəndə Kim Sonqçul, Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov, yığma komandanın üzvləri Əliəsgər Əliyev (80 kq) və Fəridə Əzizova (67 kq) iştirak ediblər.

WT rəhbəri bildirib ki, Azərbaycanda yenidən olmaq çox xoşdur: “Taekvondo ailəsinin üzvləri bilir ki, bura bizim üçün mötəbər yerdir. Azərbaycan 2006-cı ildən çox mötəbər yarışlara ev sahibliyi edir. Tədricən Bakı, Azərbaycan hamımız üçün doğma şəhərə çevrilib. Dünya çempionatı 50 illik yubileyimizə təsadüf edir. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Sabah Azərbaycanda Müstəqillik Günü olacaq. Tarixi günlərdir, amma bizim yaşımız azdır”.

Çu bildirib ki, əsas fəaliyyətləri sülhə də töhfələrini verməkdir: “Qaçqınlar üçün də bunu edirik. Tokio Olimpiadasında belə iştirakçılar vardı. Bakıda 14-ə yaxın qaçqın idmançı dünya çempionatına qatılacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da arzusu ondan ibarətdir ki, qaçqın idmançılara da lazımı şəraiti yaradaq. Bu il də şüarımız var. Bu odur ki, ürəyimizdə taekvondo olsa da, düşüncəmizdə sülhdür”.

WT prezidenti Azərbaycanda taekvondonun inkişafı hər şəraitin yaradıldığını xüsusi vurğulayıb: “Bakıya ilk dəfə 2004-cü ildə gəlmişəm. Sonra da bir neçə dəfə burda olduğumdan deyə bilərəm ki, ölkədə hər şey sürətlə dəyişir, inkişaf edir. Ölkədə taekvondonun inkişafına böyük dəstək göstərilir. Burada olduğum müddətdə cənab Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Fəxrlə deyə bilərəm ki, ölkədə taekvondo inkişafına hərtərəfli dəstək göstərilir”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-da start götürüb, iyunun 4-də başa çatacaq. Mundialda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda qüvvəsini sınayacaq. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Dünya çempionatında ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti də baş tutacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top