“GSMA M360 Eurasia 2023”ün ən gündəmdə olan mövzusu 5G

İKT 17 may 2023, 21:11
Mayın 16-da tənzimləyici qurumların və aparıcı beynəlxalq şirkətlərin nümayəndələrinin, texnoloji həllər sahəsində çalışan mütəxəssislərin, yerli və regional mobil operatorların rəhbər şəxslərinin iştirak etdiyi “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova, GSMA-nın baş direktoru Mats Qranrid və digər yüksək vəzifəli şəxslər çıxış edib.

İlin sonunadək “Azercell”in abonentlərinin yüksəksürətli internetlə təminatını yaxşılaşdırmaq üçün baza stansiyalarının sayını artıracaqlarını qeyd edən şirkətin prezidenti Zərinə Zeynalova azad edilmiş ərazilərdə də əhəmiyyətli və sürətli işlərin görüldüyünü vurğulayıb: “Azərbaycanın lider mobil operatoru olaraq tərəqqi və innovasiya yönümlü işlərimizin daim aparılmasına sadiq olduğumuzu bir daha vurğulamaq istərdim. Şirkətimiz ölkə başçısının təsdiq etdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bu əraziləri ən müasir rəqəmsal texnologiyalarla təchiz etməkdədir. Artıq bu məqsədlə Qarabağda yüzdən çox baza stansiyası quraşdırılıb və bu baza stansiyalarının sayını 190-a çatdırmağı planlaşdırırıq”.

Yeri gəlmişkən xatırladaq ki, mobil operator işğaldan azad olunmuş Qubadlı və Cəbrayılda ötən il bərpa olunan enerji mənbələrindən qidalanan 2 “yaşıl” baza stansiyasını da istifadəyə verib.

Zərinə Zeynalova rəhbərlik etdiyi şirkətin qarşıya qoyduğu əsas 3 hədəfi də açıqlayıb:
“5 milyon müştəri bazasına sahib olan mobil operator kimi qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün bütün gücümüzü və resurslarımızı bu üç istiqamətə yönəltmişik: müasir və dayanıqlı infrastrukturun qurulması, texnologiya və sistemlərin modernləşdirilməsi və optimallaşdırılması, və ən əsası yüksək motivasiyaya sahib əməkdaşlarımıza sərmayə yatırılması”.

Tədbirdə çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibinin müavini Tomas Lamanauskas və İsveçin "Ericsson" şirkətinin nümayəndəsi Aydın Abyanbekov (Aidyn Abjanbekov) isə “Azercell”in 5G ilə bağlı təcrübəsindən yararlanmaq lazım olduğunu qeyd ediblər. Onların fikrincə ölkədə atılan proqressiv addımlar tezliklə dünyanın ən qabaqcıl texnologiyasının Azərbaycanda da əlçatan olacağını deməyə əsas verir.

Konfransın ilk günündə baş tutan digər maraqlı müzakirələr sırasında BP-nin nümayəndəsi Nizami Mansirovun və "Agrodairy" MMC-nin baş direktoru Niyazi Əmirbəyovun da iştirak etdiyi paneli də göstərmək olar.
N.Mansirov qeyd edib ki, artıq BP-nin Xəzərdəki 7 platformasında yüksəksürətli internetə çıxış mövcuddur və gələcəkdə 5G-nin tətbiqi ilə bütün platformalarda onlayn müşahidə aparmaq mümkün olacaq.
N.Əmirbəyov isə ən son texnologiyadan istifadənin aqrar sektorda məhsuldarlığı artırdığını qeyd edib.

Qeyd edək ki, ikigünlük konfrans iyunun 17-də maraqlı çıxışlarla davam edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top