Fərid Şəfiyev: "Paşinyan Ermənistan cəmiyyətini Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlayır"

GÜNDƏM 28 apr 2023, 14:57
"Ermənistanın baş naziri Nikol Paşinyan populist bir adamdır. Unutmaq lazım deyil ki, Paşinyan bir neçə il əvvələdək "Qarabağ Ermənistandır" deyirdi. Biz görürük ki, o, bəzi bəyanatlarında artıq reallığı qəbul etdiyini işarə edir. Ancaq Ermənistanın diasporası bu reallıqları, müəyyən elementləri qəbul etmək istəmir. Ona görə də, Paşinyan bəzi bəyanatları ehtiyatla edir, müəyyən tezis ortaya atır, sonra gözləyir ki, hansı reaksiya olacaq. O, bir neçə gün bundan əvvəl verdiyi bəyanatda qeyd etmişdi ki, biz faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq, o cümlədən Qarabağ üzərindəki suverenliyini. Qeyd edib ki, orada müəyyən mexanizm yaranmalıdır. Bununla da, Paşinyan Azərbaycanla Sülh Sazişini imzalamaq istədiyinə işarə edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib. 

Onun sözlərinə görə, artıq Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub: 

"Yəni aydındır ki, hadisələr hansı istiqamətdə cərəyan edəcək. Demək olar ki, Azərbaycan Qarabağa tam nəzarəti yavaş-yavaş bərpa edir". 

Fərid Şəfiyev bildirib ki, Nikol Paşinyan son bəyanatında "Azərbaycan etnik təmizləmə etmək istəyir" deyirdi və bu, köhnə tezislərdir:

"Amma mən belə düşünürəm ki, Paşinyan müəyyən dərəcədə Ermənistan cəmiyyətini Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlayır. Düzdür, 2 aya yaxındır biz Ermənistana təkliflərimizi vermişik, amma cavab almamışıq. Martın əvvəlində Azərbaycanın Xarici İşlər Nazirliyi öz təkliflərini təqdim edib. 

Düşünürəm ki, mayın sonuna qədər müəyyən bir reaksiya verilsin. Yaxın iki həftədə Türkiyədə keçiriləcək seçkilərdən çox şey asılıdır. Əgər hər hansı bir dəyişiklik baş versə, ermənilər də mövqelərini dəyişdirə bilərlər. Türkiyədəki seçkilərdən sonra çox güman ki, müəyyən bir cavab gələcək".


Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top