Deputat: "İstənilən xarici ölkədə korrupsiyanın səviyyəsi Azərbaycandan qat-qat yüksəkdir"

GÜNDƏM 27 apr 2023, 22:41
"Vahid müəllimin istər bloggerə, istərsə də jurnalistə müsahibə vermək haqqı var. Bu, onun konstensual hüququdur. Vahid müəllim çox tanınmış bir insandır. Ölkədə, MDB məkanında, siyasətdə öz mövqeyi tərəfdən tanınmış bir şəxsdir. Adətən, Qərb jurnalistikasına belə tanınmış adamlar tanınmış jurnalistlərə, telekanallara müsahibələr verirlər. Ziddiyət buradan başlayır. 

İkincisi, tənqid etməyə hər bir deputatın haqqı var. Mən özümdə bəzi dövlət strukturlarını tənqid edirəm. Təbii ki, tənqid lazım olan dairələrə çatır və dövlət tərəfindən addımlar atılır. Amma, bu, o demək deyil ki, ümumi Azərbaycanda gedən proseslərin ancaq mənfi cəhətlərini göstərmək lazımdır. Azərbaycan bu günləri bəlkə də iki qitə arasında yeganə sakitlik ocağıdır, adasıdır, yeganə inkişaf adasıdır. Bəlkə də yeganə ölkədir ki, bir çox problemlerini, o cümlədən Qarabağ problemini də özü həll etdi. İqtisadi artımını, valyutanın stabilliyini təmin edir".

 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. 

Onun sözlərinə görə, istənilən ölkədə korrupsiyanın səviyyəsi Azərbaycandan qat-qat yüksəkdir:

"Mənə elə bir ölkə adı çəkin ki, orada korrupsiya olmasın. İstənilən ölkədə korrupsiyanın səviyyəsi Azərbaycandan qat-qat yüksəkdir. İnsanların həyat səviyyəsində inkişafın qabağı inflasiya tərəfindən alınıb. Bunu biz də inkar etmirik. Təbidir ki, bu inflyasiya bütün ölkələrə təsir edib, o cümlədən də Avropa, ABŞ və inkişaf etmiş Asiya ölkələrinə. Amma, ümumi vəziyyətə baxanda  Azərbaycanda böyük inkişaf var. Bunun fonunda problemlerlə də var və dövlət qurumları onlarla mübarizə aparır. Çalışır ki, xalqımızın rifah səviyyəsi artsın. Ümumi baxanda elə təsəvvür yaranır ki, Azərbaycanda elə ancaq problemler var".

Deputat qeyd edib ki, blogger Mehman Hüseynov dəfələrlə Milli Məclisin deputatlarını və böyük məmurları tənqid edib: 

"Ona imkan yaratmaq olmaz ki, o, istədiyini diqtə etsin və istədiyi fikirlər təsdiqini axtarsın. Vahid müəllimin sözlərində bəziləri düzgün deyildi. Vahid müəllim çox tanınmış və savadlı insandır. Uzun illərdir ki, bu adamın Azərbaycan siyasətində onun xüsusi yeri var. Amma, yenə deyirəm ki, tənqid etmək olar, lazım olan yerlərdə müəyyən səhvləri göstərmək olar, hansısa idarənin, nazirliyin. 

Belə başa düşürəm ki, deputatları narahat edən məsələ məhz budur. Ona görə, indi bu məsələyə komissiyada baxılacaq. Hər halda, Vahid müəllim özü də orada cavab verəcək. Gəlin komisiyanın qərarını gözləyək. Bu məsələni belə formada şişirtməyə dəyməz. Bu polemikadır, plüralizmdir. Bu, demokratiyadır və hərkəsin öz fikrini bildirməyə haqqı var. Mən heç bir problem görmürəm. Bütövlüklə, Azərbaycan haqqında bu formada danışmaq olmaz. Biz torpaqlarımızın bərqərar olunmasını, uğurlarımızı, beynəlxalq siyasətimizi daha çox dilə gətirməliyik. Bu dünyada əgər 5 nəfər Azərbaycanı istəyirsə, 15 nəfər Azərbaycanı istəmir, qısqanclıq var. Ermənipərəst insanlar var. Niyə biz bunlara imkan yaratmalıyıq ki, onlar bizə həmin o müsahibəni misal gətirib desinlər ki, görürsünüz Azərbaycanda vəziyyət deyilən qədər də yaxşı deyil və s". 

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top