Çingiz Qənizadə: "Yeni idarəetmə modeli ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək"

GÜNDƏM 30 mar 2023, 11:28
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoyduqdan dərhal sonra həmin ərazilərdə yenidənqurma, tikinti- abadlıq işlərinə start verildi. Qələbədən bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri və tikinti-bərpa işlərinin təməlqoyma mərasimində şəxsən iştirak etmələri dünyaya bir daha bəyan etdi ki, “Qarabağ Azərbaycandır!” Həmin vaxtdan başlayaraq, Qarabağda yenidənqurma, tikinti-quraşdırma işləri geniş miqyas aldı və bu gün də davam etdirilir. Bu gün artıq yenidənqurma işləri işğaldan azad edilmiş bütün ərazilərdə aparılır. Həmin ərazilərdən biri də Laçın rayonudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Şərqi Zəngəzur rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsini qəbul edərkən bu barədə ətraflı məlumat verib. 

Laçın ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Bu rayon 28 il işğal altında olduğu müddətdə bütün infrastruktur Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə, 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti də aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm də bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Komitə sədri dövlət başçımızın “Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir” fikrinin tərəfdarı olduğunu bildirib. 

Deyib ki, həmin dövrdə ölkədə yaranmış hakimiyyətsizlikdən və özbaşınalıqdan istifadə edən AXC-Müsavat cütlüyü istənilən yollarla respublikaya nəzarəti öz əllərinə almaq istəyirdi. Həmin vaxt torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi: “Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bundan sonra xalqımız daha böyük faciələrlə qarşılaşdı. Laçının işğalından bir il keçməmiş erməni silahlı birləşmələri Kəlbəcər rayonunu da işğal etdi. Həmin vaxt ölkədə yaranmış özbaşınalıq və dövət idarəçiliyindəki naşılıq, həmçinin, daxili qruplaşma vəziyyəti getdikcə ağırlaşdırdı. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı. Bu da Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti şərtləndirənəsas amilərdən biri olmuşdu”.

Ç.Qənizadə bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yollarla azad edildi. 

İkinci Qarabağ müharibəsi dövründə rayonun cənub hissəsi yenilməz ordumuzun qəhrəmanlığı sayəsində azad edildi. Məhz bu uğurlu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq, Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun digər ən böyük hissə artıq siyasi yollarla azad edilib. Bu, Azərbaycan diplomatiyasının növbəti şanlı zəfəri idi.

Komitə sədri dövlət başçımızın qarşıda duran vəzifələrdən söhbət açmasına da münasibət bildirib. 

Deyib ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm keçmiş məcburi köçkünlərin oraya tezliklə qaytarılması əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri artıq başa çatmaq üzrədir. Bu ərazilərdə heç vaxt tarixdə olmayan yollar salınıb. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yolların tikintisi artıq başa çatıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində ötən il avqustun 25-də oradan çıxarılıb. Avqustun 26-da artıq Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq.

Ç.Qənizadə deyib ki, ən böyük uğurlardan biri də Laçın rayonunda beynəlxalq hava limanının inşa edilməsidir. İndiyədək o bölgədə heç vaxt hava limanı olmamışdı. Dağları yararaq və böyük torpaq işlərini həyata keçirərək əlverişsiz ərazilərdə beynəlxalq hava limanı inşa edilir. 

“Hazırda ölkəmizdə yeni idarəetmə üsulu tətbiq edilir. Şərqi Zəngəzur rayonuna daxil olan Laçın rayonunda da Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Yeni idarəetmə modeli həm böyük quruculuq işləri, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə, ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top