"Azərbaycan və İtaliya arasındakı tərəfdaşlıq qarşılıqlı fayda gətirən bir münasibətdir"

GÜNDƏM 12 may 2025, 18:23
Azərbaycan və İtaliya arasında ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliya arasında əməkdaşlıq yüksək səviyyədədir:

“Bu münasibətlər əsasən enerji sektoruna əsaslanır. İtaliya, Azərbaycanın əsas neft və qaz alıcısı olmaqla yanaşı, ümumi ticarət dövriyyəsində də birinci yerdədir. İtaliya, Azərbaycanın neft ixracatının təxminən 46,4 %-ni təşkil edir və bu, onu Azərbaycanın əsas neft alıcısı edir. 2024-cü ildə İtaliya Azərbaycandan 9,3 milyon ton neft idxal etmişdir.  Qaz sahəsində isə, TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya nəql olunur. 2024-cü ilin ilk yarısında İtaliya bu kəmər vasitəsilə 5,17 milyard kubmetr qaz almışdır. Bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 %-ni təşkil edir. İtaliya Azərbaycandan əsasən neft və qaz alır, əvəzində isə sənaye avadanlıqları, maşınlar və digər texnoloji məhsullar ixrac edir”. 

İqtisadçı diqqətə çatdırıb ki, İtaliya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən tikinti, logistika və infrastruktur layihələrində fəal iştirak edirlər:

“Azərbaycan və İtaliya arasında əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Son illərdə kənd təsərrüfatı, təhsil, turizm və mədəniyyət sahələrində də əlaqələr genişlənir. Hər iki ölkə, həmçinin, yaşıl enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, hər iki ölkənin maraqlarına xidmət edən və qarşılıqlı fayda gətirən bir münasibətdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top