Politoloq: "Münaqişənin Türkiyədə sonlandırılması kifayət qədər müsbət addımdır"

GÜNDƏM 12 may 2025, 18:34
"Rusiya prezidenti Vladimir Putinin Ukraynanı İstanbulda danışıqlara dəvət etməsindən sonra Zelenski də eyni tipli açıqlama verdi. O, şəxsən Putini bu həftənin 4-cü günü üçün İstanbulda görüşə dəvət etdi. Böyük ehtimalla hələki liderlər arasında görüş keçirilməyəcək, danışıqlar əsasən nümayəndələr arasında aparılacaq. İstanbulun görüş yeri kimi seçilməsi hər iki tərəf üçün sərfəlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, Türkiyə münaqişənin ən başından Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, humanitar yardım etdi, Rusiya ilə də geniş şəkildə əlaqələrini davam etdirdi:

"Hal-hazırda Türkiyə Rusiya ilə normal əlaqəsi olan tək-tük NATO ölkələrindən biridir. Rəcəb Tayyib Ərdoğanın şəxsi xarizması həm Rusiyada, həm də Ukraynada böyük önəm kəsb edir. Gələcəkdə Zelenski və Putin arasında telefon danışığı ola bilər, ancaq birbaşa görüş gözlənilmir. Ehtimaldır ki, görüşləri xarici işlər nazirlərinin nümayəndələri həyata keçirəcək. Görüşlərdəki əsas məsələ atəşkəs haqqında razılığa gəlməkdir. Uzunmüddətli atəşkəs üçün işlər aparılır, çünki sülh üçün atəşkəs vacibdir. 30 gün müddətində tərəflər atəşkəs barədə razılığa gələcəklər. Hazırda müharibənin dayandırılması iki ölkəyə də sərf edir. Çünki Rusiyanın və Ukraynanın ehtiyatları tükənməkdədir. Rusiyanın iqtisadiyyatı ciddi şəkildə təlatüm içərisindədir, Ukraynaya isə Qərb ölkələrindən verilən dəstəklərdə ciddi azalmalar var. Münaqişənin bitərəf ölkə kimi Türkiyədə sonlandırılması kifayət qədər müsbət addımdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top