Ərəstun Oruclu: "Deputat Fazil Mustafaya edilən silahlı hücum siyasi terrordur"

GÜNDƏM 29 mar 2023, 14:12
"Deputat Fazil Mustafaya qarşı edilən silahlı hücum terror aktıdır. Buna başqa ad vermək mümkün deyil. Bu, siyasi terrordur və məqsədi də ölkədə və cəmiyyətdə qorxu, destabilizasiya yaratmaqdır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. 

Politoloq deyib ki, bu hadisənin arxasında müxtəlif xarici qüvvələrin rolu və marağı ola bilər:

"Hətta, ola bilsin ki, hansısa xarici qüvvələrin xidmətində duran daxili qrupların, dəstələrin də rolu vardır. Mən bunu da istisna etmirəm. Ona görə birmənalı fikir söyləmək çətindir. Hadisə ilə bağlı çox ciddi, əsaslı tədqiqat aparılmalıdır. Ən azı dövlət orqanlarının bu barədə obyektiv məlumata söykənərək təhlükəsizlik tədbirləri həyata keçirməsi lazımdır. Söhbət təşkilatçı ilə bağlı, sifarişçi ilə bağlı yeni təhqiqatdan gedir. Özümüzü aldatmayaq, bu gün emosional dalğada "bunu filan dövlət edib", "filankəs edib" və sair bu kimi versiyalar səsləndirmək yanlışdır. Bunlar yalnız ictimai rəyi çaşdırmağa, ictimai rəyi yanlış istiqamətə kökləməyə xidmət edə bilər. Obyektiv məlumat lazımdır, obyektiv məlumatı da yalnız və yalnız təhqiqat ortaya qoya bilər. Amma faktiki olaraq bu hadisə Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı törədilib. Burada təkcə söhbət parlament üzvündən getmir, bu, Azərbaycan dövlətinə qarşı törədilən terror aktıdır və belə də dəyərləndirilməlidir. Hələlik mən yalnız bunu deyə bilərəm".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top