“Qarabağın dağıdılmış abidələri danışıqların mövzusu olmalıdır” — AÇIQLAMA

GÜNDƏM 25 apr 2024, 17:41
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağın dağıdılmış abidələrindən danışıb. O, Azərbaycanın Qarabağ regionunda guya erməni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı erməni jurnalistin sualını da cavablandırıb: “Ermənistan və Azərbaycan arasında mədəni və tarixi abidələrin və dini obyektlərin dağıdılması ilə bağlı müntəzəm qarşılıqlı ittihamları nəzərə alaraq tərəfləri bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. Biz də öz tərəfimizdən bu məsələdə istənilən yardımı göstərməyə hazırıq”.

Ermənistanın vaxtilə Qarabağda mədəniyyətimizə, tariximizə, dinimizə qarşı törətdiyi vandalizm aktları danışıqların predmeti ola bilərmi? Məsələyə politoloq Tural İrfan Demokrat.az-a açıqlamasında münasibət bildirib. O qeyd edib ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda vandalizm aktları, dağıntılar həyata keçirib: 

“Mədəni-tarixi abidələr, dini ibadətgahlar, məbədlər, kilsə, monastır və məscidlər dağıntılara məruz qalıb, hətta çoxu yer üzündən silinib. Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam rayonlarının kəndlərində Sovet dövründə dağıdılmış olsa da kökü, bünövrəsi, divarları qalan İslam dininə aid türbələri, məscidləri, namazxanaları yer üzündən siliblər. Qazıb bünövrəsini də məhv ediblər ki, izi qalmasın. Bu məsələ şübhəsiz ki, danışıqlar mövzusu olmalıdır. Əgər Ermənistan təzminat ödəməkdən imtina edərsə, məhkəmə qaydasında buna məcbur edilməlidir. Bu abidələrin siyahısı, mövcudluğu Rusiyaya da gizli deyil. Sovet arxivləri təbii ki, Rusiyanın əlindədir. Heç bizim arxivimizdə olmayan, tarixçilərimizə məlum olmayan, ancaq Rusiyaya məlum olan çoxsaylı faktlar var ki, indi Rusiya bunları aça bilər. Əvvəllər Rusiya Ermənistana tərəf olduğu üçün bu faktlar açılmamışdı. Lakin bu gün vəziyyət başqadır, Ermənistan Rusiyaya qarşı çıxır. Odur ki, Rusiya bu mesajı verməklə bildirir ki, Ermənistana təsir rıçaqlarını işə sala bilər”.

Ekspertin fikrincə, əvvəla torpaq məsələləri həllini tapmalıdır, qalan dörd kənd qaytarılmalı, sərhədlərin tam müəyyən edilməsi yekunlaşmalıdır: 

“Ancaq məlum mövzu da vaxt itirmədən gündəmə gətirilə bilər. Həmin abidələrimizə qarşı vandalizm aktları icra etmiş, buna göstəriş vermiş, prosesdə iştirak etmiş vəzifəli şəxslər axtarışa verilib həbs edilməli, Azərbaycana təhvil verilməlidir. Əgər cinayət cəzasız qalarsa, bu cəzasızlığın nəticəsində canilər növbəti dəfə bu cür mənfur niyyətlərə düşə bilərlər. Ermənistanın Azərbaycana qarşı apardığı siyasət xalqa qarşı soyqırımı nəzərdə tutsa da, torpaqların işğalı ilə yanaşı mədəniyyətin, dinin də o torpaqlardan silinməsinə hesablanmışdı. Erməni kilsəsinin fətvası ilə törədilib bütün bu dağıntılar. Bu məsələ mütləq danışıqların mövzusu olmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top