Dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətləri ilə əyani tanış olur

GÜNDƏM 04 may 2024, 18:30
Ölkəmizdə keçirilən beynəlxalq forumlar, tədbirlər Qarabağ həqiqətlərinin, erməni vandalizminin dünyaya tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Bakıda baş tutan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində bir daha bu həqiqətlər işıqlandırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun açılış mərasimindəki nitqi bu mənada xüsusi önəm daşıyır. Cənab Prezident əhatəli nitqində Azərbaycan həqiqətlərini forum iştirakçılarının bir daha nəzərinə çatdırdı. Eyni zamanda dünyada sülh və əmin-amanlığın bərpası prosesində Azərbaycan modelini təqdim etdi. Prezident Qarabağ torpaqlarının 30 il ərzində işğal altında qaldığını tədbir iştirakçılarına xatırlatdı: “Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam və bildirmişəm ki, insanlar bundan əziyyət çəkiblər. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub. Biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük”. Ölkə başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu ərazilərimizin böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. İki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib”.



Tədbir qonaqları işğaldan azad edilmiş ərazilərə səfər edərək Ermənistanın 30 il ərzində törətdiyi vandalizm aktlarına şahidlik etdilər. Ağdam, Füzuli və Xocavənd rayonlarına səfər edən qonaqların diqqətinə çatdırıldı ki, bu illər ərzində Qarabağın mədəni və tarixi abidələri məhv edilib, mədəni iris özününküləşdirilib, dini ibadətgahlar dağıdılıb. Həmçinin Azərbaycanın üzləşdiyi mina problemi də tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Bildirildi ki, Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli sülh sazişinin bəndlərinə bu günədək əməl etmir, mina xəritələrini tam və dəqiq Azərbaycan tərəfinə təqdim etmir. 

Milli Məclisin deputatı Anar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki, bu tədbir ölkəmizin beynəlxalq arenada növbəti uğurudur:



“Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər etməklə əyani olaraq erməni vəhşiliyinin, 30 il ərzində Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin, düşmənin heç bir mədəni, dini abidəyə rəhm etmədən – bəli, yerlə yeksan etdiyinin şahidi oldular. Bu forum onu göstərdi ki, Azərbaycanın niyyəti sülhdür, dostluqdur, bütün millətlərə və dinlərə münasibətdə səmimiyyətdir. Ölkəmizə gələnlər bilməlidirlər ki, 30 il ərzində işğala, etnik təmizləməyə məruz qalan tərəf biz olmuşuq, ermənilərin dünyaya yaydıqları yalandan, böhtandan başqa bir şey deyil. Ölkəmizdə keçirilən bütün mötəbər tədbirlərdə Qarabağ həqiqətləri, erməni vəhşiliyi, dinc əhalinin başına gətirilən müsibətlər, soyqırımıları dünya ictimaiyyətinə çatdırılır. Bakının ev sahibliyi edəcəyi növbəti COP tədbirində də beynəlxalq ictimaiyyət bir daha bu barədə məlumatlandırılacaq. 

44 günlük müharibə ilə Azərbaycan beynəlxalq təşkilatların qətnamələrini, tövsiyələrini öz gücü ilə, ordusunun şücaəti ilə yerinə yetirməklə torpaqlarını işğaldan azad etdi. Azərbaycanın bugünkü inkişafı dünyaya nümunədir. Azərbaycan bu gün münaqişələrdən əziyyət çəkən ölkələrə humanitar yardımlarını əsirgəmir. Eyni zamanda 8 Avropa dövlətinin enerji təhlükəsizliyinə töhfə veririk. Bütün bunların sayəsində dünyanın inkişaf etmiş ölkələri daha çox Azərbaycanla əlaqələri genişlətməyə, dostluq münasibətləri qurmağa maraq göstərir”, - deyə A.İsgəndərov vurğulayıb.   

“Həqiqət budur ki, uzun illər erməni vandalizmindən əziyyət çəkən dövlət olaraq Azərbaycan bəzən xarici düşmənlərin təsiri ilə başına gələn faciələri, işğalları dünyaya tam çatdıra bilməyib. Ancaq bu gün Azərbaycan öz qələbəsi və inkişafı ilə dünya dövlətlərinin hesablaşmağa məcbur olduğu bir gücə çevrilib. Fakt budur ki, regionda Azərbaycanla hesablaşmadan heç bir addım atıla bilməz. O cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar bir daha həm başımıza gətirilən faciələri, vandalizmi, işğalı, həm də Azərbaycan dövlətinin inkişafını, tolerantlığını əyani şəkildə dünya rəsmiyyətinə və ictimaiyyətinə çatdırmaqda vasitəçi olur. Bu beynəlxalq tədbirlərə gələn qonaqlar Qarabağa aparılır, yaxud bu tədbirlər Qarabağda, əsasən də Şuşada keçirilir”. 

Sayta açıqlamasında bu fikirləri səsləndirən politoloq Tural İrfan isə qeyd edib ki, iqtisadi, siyasi, hərbi əlaqələrlə yanaşı Azərbaycan dost ölkələrlə mədəni əlaqələrin inkişafında da maraqlıdır:  


“Xüsusən din və mədəniyyət sahəsində yad təsirlərə qarşı mübarizə aparmaq üçün siyasi yöndə bizlə həmrəy olan ölkələrlə münasibətlərin inkişafı zəruridir. Çünki din pərdəsi altında zaman-zaman ölkəmizdə siyasi təxribatlara, radikalizmə cəhdlər baş qaldırır. Məhz bu kimi beynəlxalq forumlar mədəniyyətimizin inkişafını və təbliğini, dini sahədə gedən islahatların səmərəsini bir daha sübut edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycanın dostları artmaqdadır. Bu həm mədəni, iqtisadi maraqlardan doğur, həm də qələbəmizdən sonra Azərbaycanın artıq bölgədə böyük bir güc olduğunun etirafı kimi qəbul edilir. Çünki başqa dövlətlər də Azərbaycanın gələcək inkişafını və daha da yüksəlişini hesablayır, görür və ona görə indidən əlaqələri qorumaq, gücləndirmək arzusundadırlar”.

T.İrfan vurğulayıb ki, Azərbaycanın 21-ci əsrdə qazandığı qələbə və qələbənin nəticələri çoxunda təəccüb, qibtə və rəqabət hissi yaradıb:

“Artıq Ermənistanla sülhə doğru real addımlar atılır. Bu da ölkəmizin bundan sonra daha da  əmin və stabil, sabit ölkə olacağının əlamətidir. Məhz bu baxımdan başqa ölkələrin maraq və diqqətini çəkən amillər Azərbaycanın maraqları ilə müzakirə olunur, qarşılıqlı mədəni, iqtisadi, siyasi əlaqələr qurulur və inkişaf etdirilir. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin faydaları zaman keçdikcə daha çox hiss olunacaq. Diqqəti Qarabağa çəkərək, orada görüləcək işlərə, iş adamlarının marağına, mədəni, tarixi abidələrin bərpasına bir daha nəzər yönəltmək aparılan siyasətin səmərəsinin nümunəsidir. Əminəm ki, bu cür tədbirlərin keçirilməsi intensiv hal alacaq və dünya ictimaiyyəti və rəsmiləri bir daha Qarabağ və Azərbaycan həqiqətlərinin əyani şahidi olacaqlar”.

Törə Zeynallı
Demokrat.az 


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top