Deputat ermənilərə xəbərdarlıq etdi: “Azərbaycanın bir yolu qalır: o da müharibə…”

GÜNDƏM 27 mar 2023, 18:05
"Prezident Administrasiyası Qarabağda yaşayan erməniləri inteqrasiya ilə bağlı məsələlərin müzakirəsi üçün növbəti dəfə Bakıya dəvət edib. Hesab edirəm ki, bu ermənilərə verilmiş son şansdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.  

Deputat vurğulayıb ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır:

"Vətən müharibəsindən sonra qarşıda duran mühüm vəzifələrdən biri də Qarabağda yaşayan ermənilərin inteqrasiyasıdır. Bu çağırışlar artıq bir neçə dəfədir ki, verilir. Onlar çalışmalıdırlar ki, bu şansdan düzgün istifadə etsinlər və uzun müddət bu belə davam etməyəcək. Sonrakı dövrdə Azərbaycan digər addımları da atacaq. Əgər Ermənistan, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfinin bu çağırışlarına cavab verməzlərsə, təxribatları törətməyə davam edərlərsə, bunun cavabı Azərbaycan tərəfindən sərt şəkildə və formada olacaq. Yəni ermənilər bunu bilməlidirlər". 

"Bildiyiniz kimi, keçən çağırışda da aksiyaların dayandırılması və Qarabağ ermənilərinin tərəf kimi qəbul edilməsi ilə bağlı bir absurd mövqe ortaya qoyuldu. Ona görə də hesab edirəm ki, burada artıq Azərbaycanın bir yolu qalır: o da müharibə yolu ilə öz torpaqlarını azad etsin. Yəni burada atılacaq addımdan biri o ola bilər ki, Azərbaycan yenidən antiterror əməliyyatları keçirsin. Bizim artıq başqa yolumuz qalmır. Çünki biz çağırışları edirik, erməni tərəfi bu çağırışları eşitməməzlikdən gəlir və nəticədə də proses uzanmır. Biz əlavə bir 30 il gözləmək niyyətində deyilik! Biz istəyirik ki, ən qısa zamanda bu məsələlər həllini tapsın və həllini tapmayacaqsa, onda Azərbaycan məcburdur ki, artıq başqa addımları atsın. Hesab edirəm ki, Ermənistan tərəfi bunu anlamalıdır və hansısa digər havadarlarına arxalanaraq Azərbaycanın sözlərini qulaqardına vurulmasına və təxribatların törədilməsinə son qoymalıdır! Çünki Azərbaycan bir neçə dəfə xəbərdarlıq etdi. Bu xəbərdarlığın artıq bir nəticəsi olmalıdır".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top