"İndiki reallıqda Rasmussen və onun kimilər Ermənistana heç bir kömək edə bilməz" — Siyasi şərhçi

GÜNDƏM 21 mar 2023, 16:30
Bu gün beynəlxalq münasibətlər sistemində bir Azərbaycan faktoru var. Ölkəmiz dünyanın nüfuzlu dövlət xadimlərinin, siyasətçilərinin, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən qlobal səviyyəli tədbirlərə ev sahibliyi edir. Bakının artıq dünyanın diplomatik mərkəzlərindən birinə çevrildiyi hər kəs tərəfindən etiraf edilir. Əlbəttə, bu fakt dostlarımızı sevindirsə də, düşmənlərimizi ciddi şəkildə narahat etməkdədir. Bu xüsusda onlar müxtəlif çirkin plan və mexanizmlərlə Azərbaycana təzyiq etməyə çalışırlar. NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussenin də heç bir səbəb olmadan Ermənistana qəfil səfər etməsi bu çirkin planın tərkib hissəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.

O qeyd edib ki, Rasmussen NATO-nun Baş katibi olduğu dövrdə də Ermənistan və erməni diasporu ilə yaxın işbirliyində olub. “Biz onun əsl simasını Ramil Səfərovun azad olunması prosesində açıq şəkildə gördük. Rasmussen ona heç bir aidiyyəti olmadığı halda Azərbaycan ilə Macarıstan arasında beynəlxalq hüquqi normalar çərçivəsində reallaşdırılan ekstradisiya prosesinə görə ölkəmizi ittiham etmişdi. Qərb dairələrinin layihəsi olaraq iqtidara gələn Paşinyanın hakimiyyəti dövründə isə Ermənistan bu "sabiq" üçün əsl alver predmetinə çevrilib", - deyə siyasi şərhçi vurğulayıb.

F.Şahbazlı bildirib ki, keçmiş Baş katibin Xankəndi-Laçın yoluna getməsi və Azərbaycanı hədəf seçən absurd açıqlamalar verməsi onun ziyarətinin planlı və maddi maraqlar qarşılığında olduğunu göstərir. Azərbaycan tarixi torpaqları olan Qarabağı işğaldan azad etdikdən sonra Ermənistan himayədarlarının dəstəyi ilə diplomatik müstəvidə müəyyən addımlar atmağa çalışırdı. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyəti fonunda Paşinyan bu prosesi də uduzub. Rasmussen və onun kimilər Ermənistana heç bir kömək edə bilməz.

Siyasi şərhçi qeyd edib ki, Rasmussenin Laçın yolunun “blokada”sından danışması və Avropa İttifaqını Bakıya təzyiqləri artırmağa çağırması isə əsl niyyəti ortaya qoyur. Yalnız erməni konyakının təsiri altında olan biri olmayan blokadadan danışıb hansısa çağırışlar edə bilər. Erməni lobbisinin zaman-zaman avropalı rəsmiləri rüşvət qarşılığında əməkdaşlığa cəlb etməsi faktı heç kimə sirri deyil. Avroparlamentin keçmiş vitse-prezidenti Eva Kailinin və digər deputatların erməni lobbisi ilə əlaqələri, həmçinin Azərbaycan əleyhinə verdikləri açıqlamalar buna sübutdur. Rasmussen də erməni konyakın qoxusunu alan kimi NATO dəyərlərini dərhal satışa çıxarıb.

F.Şahbazlının sözlərinə görə, bu prosesdə diqqətçəkən əsas məqamlardan biri də keçmiş Baş katibin hazırda Ermənistanın Rusiyaya xəyanət planında baş rol almasıdır. "Bu, xüsusi bir ssenaridir. Rasmussen Paşinyana KTMT-dan çıxmaq və NATO-nun strukturlarının Ermənistanda möhkəmləndirmək üçün çağırışlar edir. Rəsmi İrəvan da Rasmussenin səfəri ilə bağlı yaydığı açıqlamada onun NATO-Ermənistan əlaqələrinin perspektivlərini müzakirə etmək üçün gəldiyini açıqlayıb. Şübhəsiz ki, bu səfər Ermənistanın KTMT-dən çıxması prosesini aktivləşdirəcək və Ermənistan-Rusiya münasibətləri daha mürəkkəb hal alacaq. Bu fakt həm də tarix boyu öz mövcudluğunu Rusiyanın hesabına qorumuş Ermənistanın dövlət olaraq miskin və xəyanətkar kimliyini növbəti dəfə ortaya qoyur", - deyə o vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top