“Elektroenergetika haqqında” qanun layihəsinin qəbulunu saxlanılması təklif olunub

SƏNAYE VƏ ENERGETİKA 07 mar 2023, 14:00
“Elektroenergetika haqqında” qanun layihəsinin ictimai müzakirələrə çıxarılmasını və qəbulunu təxirə salınması təklif edilib.

“Report” xəbər verir ki, belə təkliflə Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bugünkü plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, yeni sənədin icrası Azərbaycanda ciddi problem yarada bilər: "Qanun layihəsinin qısa müddətdə qəbul edilməsi ilə vaxtilə fəaliyyət göstərən “Barmek” şirkətindəki ("Bakıelektrikşəbəkə"nin idarəedicisi) kimi ciddi problemlərlə üzləşə bilərik. Niyə bu qanun layihəsini pilot kimi həyata keçirmirik?! Pilot layihə kimi özünü doğrultsa, sosial sahədə heç bir problem yaranmasa, o zaman layihənin qəbulu müsbət həllini tapar. Odur ki, qanun layihəsinin indi qəbulu tezdir. Layihənin ictimai müzakirəsinə böyük ehtiyac var. Hələlik qanun layihəsinin qəbulu saxlanılsın”.

Spiker Sahibə Qafarova isə bildirib ki, layihə ilə əlaqəli çıxışlarda kifayət qədər ciddi məsələlərə toxunulub: “Sadiq Qurbanov üzümü sizə tutub deyirəm: bizdə artıq belə ənənə var ki, çıxış edən deputatlar komitə iclasında bir aya gələrək səsləndirdikləri təklifləri müzakirə etsinlər. Eyni zamanda dinləmə keçirilməsi təklif edildi və buna ehtiyac olduğundan keçirə bilərik”.

Qeyd edək ki, qanun layihəsində Azərbaycanda elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müstəqil bazar operatorunun yaradılması nəzərdə tutulur.

Müstəqil bazar operatorunun yaradılması elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üçüncü mərhələsində, yəni 2028-ci il iyulun 1-dən sonrakı dövrdə həyata keçiriləcək. İkinci mərhələdə (2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək dövrdə) artıq ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxsin yaradılması planlaşdırılır.

Bazar operatoru tərəfindən bütün istehsalçılardan ("Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması, elektrik enerjisinin bütün təchizatçılara satılması nəzərdə tutulur.

Layihəyə görə, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesi üç mərhələdən ibarət olacaq. Birinci mərhələ bu Qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək, ikinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək, üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top