Azərbaycanlı tanınmış professor Türkiyədə vəfat etdi

HADİSƏ 12 fev 2023, 10:48
Tanınmış alim, Türkiyənin Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü,  professor Novruz Allahverdi dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, çoxsaylı elmi araşdırmaların və monoqrafiyaların müəllifi olan  Novruz Allahverdi  9 may 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 

1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 



1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək 1979-cu ildə  texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 

1992-ci ildən Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Sonuncu iş yeri KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü vəzifəsi olmuşdur.

Tanınmış alim öz vəsiyyətinə uyğun yaşadığı Konya şəhərində “Yazır” qəbirəstanlığında torpağa tapşırılıb. 

Allah rəhmət eləsin!

Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top