Sosial Tədqiqatlar Mərkəzi 4-cü ilində: Əsas strateji istiqamətlər və hədəflər

SOSİAL 08 fev 2023, 19:28
Milli və dövləti maraqlarının, eləcə də qlobal çağırışların hədəfində və ölkənin ictimai-siyasi-mədəni həyatında 2019-cu il sosial-iqtisadi əhatəliliyi ilə çoxşaxəli islahatlar dövrü kimi mütərəqqi dövlət modelinin formalaşmasında mühüm struktur-institusional mahiyyət kəsb edir. Tarixi, milli-mənəvi dəyərlərinə və ideallarına söykənən milli quruculuğun tədqiqat əsaslı idarəçilik təməlləri üzərində inşası özlüyündə dövlətçilik şüurunun və mədəni yüksəlişin mühüm sosializasiyası olmaqla, rəy əsaslı dövlətçiliyi hədəfləyən davranış və elementlər  hesab edilə bilər. Dövlət-vətəndaş münasibətlərinin həm kəmiyyət, həm də keyfiyyət etibarilə yeni mərhələsi siyasi-hüquqi, institusional, struktur və kadr islahatları ilə yanaşı, həm də Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 saylı Fərmanı ilə idarəçiliyə tədqiqat əsaslı yanaşmanı özündə ehtiva edən beyin mərkəzinin - Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ilə xarakterizə edilə bilər.

STM ölkə Prezidentinin 2019-cu il 12 aprel tarixində Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında 624 nömrəli Fərmanı ilə imzalanan Nizamnaməsindən irəli gələn vəzifələrinin icrası istiqamətində daxili siyasətin təhlili, sosial iqtisadi məsələlərin təhlili və ictimai rəyin öyrənilməsi kimi üç fundamental istiqamətdə - ölkə gündəminin ən aktual məsələləri ilə bağlı sosioloji sorğuların aparılması, açıq və qapalı təhlil sənədlərinin, hesabat və arayışların hazırlanması yönündə elmi tədqiqat fəaliyyətini davam etdirir.

Mərkəzin dörd illik fəaliyyəti dövründə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan sosial tədqiqatlar aparılması, ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasının sistemli təhlili, bu sahədə mövcud tendensiyaların müəyyənləşdirilməsi ilə həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərinin araşdırılması, habelə dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasının və tendensiyalarının təhlil edilməsi ilə bağlı bir sıra mühüm vəzifələri həyata keçirib. Hesabatlar, açıq və qapalı olmaqla, elmi-tədqiqat və ictimai rəy sorğusu nəticəsində hazırlanan sosioloji tədqiqatlar ölkə gündəminin müxtəlif sosial-iqtisadi və siyasi aspektlərini əhatə edir. Bu xüsusda, Mərkəzin 4 illik fəaliyyətində əsas strateji istiqamətlər və hədəflərə qısa nəzər fonunda yeni reallıqların hesabatını aparacaq rəy dövlətini hədəfləyən bir qurumun dövlət idarəetməsində və dövlət-vətəndaş münasibətlərində mühüm rolunu xüsusilə vurğulaya bilərik. 

“Azərbaycanda əhalinin sosial rifahının qiymətləndirilməsi və gözləntiləri” analitik hesabatı ölkə başçısı tərəfindən 2019-cu ilin iyununda həyata keçirilən sosial islahatların qiymətləndirilməsini və məmnunluq səviyyəsini, kadr dəyişikliklərinə münasibəti və gözləntiləri, eləcə də əhalinin dövlətə və hakimiyyət strukturlarına münasibətini, inam və etibarını öyrənir. 

Dövlətin sosial siyasətinin tərkib hissəsi olan təhsilin müasir vəziyyətini öyrənməyə əsas verən “Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər” adlı analitik hesabatda Azərbaycanda testologiyanın indiki reallığının nəzərə alınması ilə bu modelin daha da təkmilləşdirilməsinin, yeni test banklarının hazırlanmasının zəruriliyi və bu istiqamətdə bir sıra məsələlər araşdırılıb. 

Bələdiyyə 20/20: yerliözünüidarəetmə ictimai rəydə”, Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” ilə bağlı analitik hesabatda bələdiyyə idarəçiliyi sahəsində tətbiq edilən təcrübə və siyasətlərin təkmilləşdirilməsini, vətəndaşların gözləntiləri istiqamətində stimulların yenidən müəyyənləşdirilməsini və daha yaxşı xidmətin nəticələrinə nail olmaq əsas hədəflər olaraq prioritetləşdirilib. 

“Azərbaycanda islam” dinin ölkədə ictimai-siyasi proseslərə təsiri və dinamikasını təqdim etmək baxımından mühüm əhəmiyyətə malik olan analitik hesabatdır. 
“Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” analitik hesabatı Azərbaycanda miqrasiya proseslərinin sosial-iqtisadi, demoqrafik aspektlərini tədqiq edib. 

“Azərbaycanda pandemiya ilə mübarizə” və “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” analitik hesabatlarında cəmiyyətin pandemiya ilə mübarizə siyasətinə münasibəti və bu istiqamətdə dövlət siyasəti, Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı
antiböhran strategiyası və siyasəti ictimai rəy əsasında qiymətləndirilib. 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vətən müharibəsindən əvvəl və sonra” adlı tədqiqat sənədi Vətən müharibəsindən öncə və sonra Ermənistanın hərbi təxribatları fonunda Qarabağ məsələsinin hərbi yolla həlli perspektivlərini və onun ictimai-siyasi aspeklərini tədqiq edir. 

“Azərbaycanda əhalinin cinayət əməlindən zərər çəkməsi və aidiyyəti qurumlara müraciəti” ilə bağlı viktimoloji tədqiqat latent cinayətkarlıq səviyyəsini, vətəndaşların hüquq-mühafizə orqanlarına münasibətini, vətəndaşların şəxsi fiziki təhlükəsizliklərinə, vətəndaşların yaşadıqları ərazidəki nizam-intizama dair münasibətini öyrənir. 
“Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ölkədə uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafı ilə bağlı genişmiqyaslı məsələlərin tədqiqini əhatə edən vacib sosioloji tədqiqat layihəsidir. 

Azərbaycanda mövcud ailə münasibətləri: Sosial-psixoloji təhlil” adlı tədqiqatda  ailənin Azərbaycan dövlətçiliyi və sosial sistemində yeri və statusu, ailədaxili münasibətlərin transformasiya və dinamikası, tendensiyaları və perspektivləri, cəmiyyətimizdə baş verən proseslərlə qarşılıqlı əlaqəsinə ictimai rəyin münasibəti araşdırılıb.
“Müasir dövlət ailə siyasəti: problemə familistik araşdırmalar kontekstindən baxış” analitik hesabatında Azərbaycan ailəsi, onun mənəvi təməl və dəyərləri, modernləşməsi və transformasiyaya uğramasına ailədaxili münasibətlərin müstəsna olaraq məişət zorakılığı prizmasından baxılıb. 

Müasir qayğı konsepsiyalarını nəzərə alaraq, Azərbaycanda yaşlıların rifahının müxtəlif aspektlərini öyrənən “Azərbaycanda yaşlılar: qayğı və rifah” adlı analitik sənəd sözügedən istiqamətdə gələcək dəyişiklikləri, bu fonda trendləri və proqnozları əks etdirir. 

“İşğaldan azad olunmuş ərazilərə könüllü qayıdış və yenidən məskunlaşma: məcburi köçkünlərlə niyyət sorğusu məcburi köçkün əhalinin könüllü qayıdış və yenidən məskunlaşma ilə bağlı fikir və niyyətlərinin öyrənilməsi, onların müvafiq demoqrafik profillərinin müəyyənləşdirilməsi, qayıtmaq niyyəti ilə əlaqəli təşviqedici və əks təşviqedici amillərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. 

“Yerli icra hakimiyyəti başçıları: beynəlxalq və milli təcrübədə” analitik sənədi ölkənin bütün inzibati ərazi vahidlərində yerli icra strukturlarının hüquqi-institusional fenomen kimi cəmiyyətdə, həmçinin regionlarda mümkün  sosial və siyasi problemlərin dəyərləndirilməsi baxımından yeri və rolu araşdırılıb. 

Qlobal “araşdırmaçı jurnalist və insan hüquqları” şəbəkəsi: Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” sənədində dezinformasiya texnologiyalarının görünməmiş inkişafı şəraitində ictimai rəyin maariflənməsi və kommunikasiya proseslərinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb, Ermənistanın bir “layihə-dövlət” olması, gerçək Ermənistan kimi isə Fransa dövlətinin “qlobal erməni milləti”nin episentri və himayədarı qismində çıxış etməsinin son dövrdə olduqca intensivləşmə səbəbləri, tədqiqatda ilk dəfə istər araşdırmaçı jurnalistika, istərsə də insan hüquqları sahəsində şəbəkəni nəinki maliyyələşdirən, eləcə də kiberinqilab yolu ilə sabitliyi pozmağa hesablanmış ümumdünya şəbəkəsini yaradan “meqa-sponsorlar” - şəxslər və qurumlar sırasında erməni diasporunun, erməni kökənli tech-milyarderlərin (Pyer Omidyar, Aleksis Ohanyan və s.) olması üzə çıxarılıb.

Ölkədəki sosial, iqtisadi və siyasi, eləcə də müxtəlif sahələrdə mövcud vəziyyətə və yeni tendensiyalara, ölkənin sosial mənzərəsini əks etdirən bir çox mühüm istiqamətlərə ictimai münasibət və müxtəlif məsələlər üzrə işin keyfiyyətinin, əhalinin məmnunluq dərəcəsinin sorğular vasitəsilə öyrənilməsi və bu fonda  çoxvektorlu istiqamətlərdə data bazaların formalaşdırılması, ictimai rəyin nəticələri əsasında analitik hesabatların yazılması və sözügedən istiqamətlərdə dövlət siyasətinin təkmilləşdirilməsi Mərkəzin nizamnaməsinin müddəalarının əsasını təşkil edən mühüm normalar sırasında yer alır. 

Daxili siyasətin təhlili departamentinin əməkdaşları tərəfindən STM-in Nizamnaməsindən irəli gələn vəzifələr və tədqiqat planı çərçivəsində, ölkədaxili sosial-siyasi gündəmin aktual məsələləri ilə bağlı təhlillərin aparılması, açıq və qapalı hesabat və arayışların, təhlil və tövsiyə sənədlərinin hazırlanması yönündə fəaliyyət həyata keçirilib. Departamentin 2019-2022-ci illərdəki fəaliyyəti 1726-dan çox analitik məhsulda 1 kitab, 1 elmi-analitik jurnal, 22 analitik hesabat, 233-dən çox açıq və qapalı arayış, 215 məqalə və ekspert dəyərləndirmələri, 1180 mediada müsahibə, 74 respublika və beynəlxalq elmi konfranslarda məruzə və çıxışlar, təlim və seminarlar yer alıb. 

Dövlətin siyasi, iqtisadi-sosial təqviminə uyğun başlıca məsələlər fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir. Cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, ictimai-siyasi, sosial məsələlər, mövcud problemlərin həlli və digər istiqamətlər üzrə aparılan araşdırmaların nəticələri, bu sahədə təklif və proqnozların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, islahatların səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə sorğular və tədqiqatlar əsasında təhlillərin aparılması və s. əsas fəaliyyət istiqamətləri kimi mühüm əhəmiyyətə malikdir. 

Sosial-iqtisadi təhlil departamentinin əməkdaşları ötən 4 il (2019-2022-ci illər) ərzində 425-dən çox analitik məhsul (o cümlədən 1 kitab tərcüməsi, 1 elektron sorğu platforması, 1 mobil tətbiq, 1 seçki monitorinqi, 15 ümumölkə, 4 blitz (qısa) soğusuəsasında analitik hesabat, 10 ümumölkə sorğusu əsaslı tədqiqat təklifi, 74-dan çox açıq
və qapalı arayış, 1 qanun layihəsinə təklif, 2 təlim proqramı, 58 elmi məqalə, həmçinin 207 media açıqlaması, 27-dən çox respublika və beynəlxalq elmi konfrans, təlim və seminarlardaiştirak formasında) təqdim ediblər. Siyasi təqvimlə bilavasitə uzlaşan hazırlanmış analitik sənədlər olduqca strateji mövzulara həsr olunub.  

Mərkəzin nizanaməsinin verdiyi səlahiyyətlər çərçivəsində dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasının və tendensiyaların dövri olaraq təhlil edilməsi, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə keçirilən rəy sorğuları tendensiyaları təhlil etməyə və dövlət orqanlarına müvafiq sahələrdə siyasət təklifləri təqdim etməyə, eləcə də elmi araşdırmalar aparmağa və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etməyə imkan verir.  
İctimai rəyin öyrənilməsi departamentinin əməkdaşları tərəfindən 4 il ərzində (2019-2022-ci illər) 4 kitab, beynəlxalq jurnallarda (41 məqalə) və yerli mətbuatda ümumilikdə 169 məqalə, 77 açıq və qapalı arayış, 5 analitik hesabat, 4 tərcümə (1 jurnal, 1 anket, 2 hesabat), 1 kitab redaktəsi, müxtəlif istiqamətlərdə 6-sı beynəlxalq, 71-i yerli olmaqla ümumilikdə 77 tədqiqat lahiyəsi həyata keçirilib. Bu sosioloji tədqiqat layihələrində ümumilikdə 76.918 respondent əhatə olunub. 3 il ərzində müxtəlif istiqamətlərdə 77 tədqiqat lahiyəsinin 40-dan çoxu ümumölkə sorğusu, eləcə də müxtəlif mövzular üzrə ayrı-ayrı rayonları əhatə edən blitz (qısa) soğrular, keyfiyyət əsaslı tədqiqatlar və 1 spesifik tədqiqat layihəsi təqdim edilib. Həmçinin departament əməkdaşları müxtəlif media vasitələrinə 79-dan çox açıqlama verib, 9 beynəlxalq təlimdə, 10-dan çox yerli təlim, tədbir, konfrans və vebinarlarda iştirak ediblər.

STM-in həyata keçirdiyi sorğuların, tədbirlərin və nəşrlərin mediada işıqlandırılması, sosial mediada geniş təbliğ olunması, STM-in saytının və sosial media hesablarının idarə olunması, mətbuat icmallarının hazırlanması və müxtəlif tədbirlərin keçirilməsi yönündə fəaliyyət daim diqqət mərkəzindədir.

Media və Kommunikasiya departamentinin əməkdaşları tərəfindən 58-ə yaxın açıq və qapalı arayış sənədi təqdim olunub. Müxtəlif ideoloji mövzularda dinləmələr keçirilib, Vətən müharibəsi qaziləri ilə keçirilən görüşlərin nəticəsində materiallar hazırlanıb, müvafiq arayış və təkliflərdə sadalanan məsələlər öz əksini tapıb. Sosial Tədqiqatlar Mərəzinə məxsus saytın Media bölməsinin, Press-Reliz  kateqoriyasında ümumilikdə 40-dan çox Press-Reliz dərc edilib. Sosial Tədqiqatlar Mərkəzinin 4 illik fəaliyyəti dövründə Media və Kommunikasiya departamenti tərəfindən müxtəlif verilişlər hazırlanıb. 

Sorğu əsaslı analitik və elmi-tədqiqat əsaslı hesabatların hazırlanmasından başqa, Nizamnamədən irəli gələn vəzifələr çərçivəsində  müxtəlif ictimai-siyasi, sosial-iqtisadi və digər sahələr üzrə arayış, təhlil, təklif və tövsiyə sənədlərinin hazırlanması istiqamətində də mühüm fəaliyyətlər həyata keçirilib.

Bu fəaliyyət istiqamətləri sırasında aktual ictimai-siyasi proseslər, cəmiyyət-dövlət-vətəndaş münasibətlərindəki meyillər, postmüharibə dövründə sosial  siyasətin prioritetləri, həssas sosial strataların problemlərinin həlli, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, cəmiyyətdə dialoq və  kommunikasiya proseslərinin yeni səviyyəyə yüksəldilməsi, Qarabağda bərpa və quruculuq Böyük Qayıdış strategiyasının həyata keçirilməsinin istiqamətləri, postkonflikt dövrünün reinteqrasiya və barış məsələləri, ölkəmizdə etnik-dini proseslər, Qərbdən yönləndirilən ideoloji təbliğat və dezinformasiya məsələləri, dini-etnik proseslərin xaricdən yönəldilməsi cəhdləri və s. prioritet məsələlərə yer ayrılıb. 
Dövlət proqramlarının icrası ilə bağlı fəaliyyətlər üzrə Mərkəz tərəfindən hesabatların hazırlanması fəaliyyət istiqamətləri sırasında mühüm yer tutur.

Sosial Tədqiqatlar Mərkəzi Açıq hökümətin təşviqinə dair 2020─2022-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə Sosial Tədqiqatlar Mərkəzinin icraçısı olduğu tədbirlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının  müvafiq bəndləri ilə Sosial Tədqiqatlar Mərkəzinə  həvalə edilmiş tədbirlərin (2022-ci il üzrə) icrası üzrə Mərkəz tərəfindən dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi üzrə analitik hesabatlar hazırlayıb.
Nizamnaməsinə əsasən Mərkəz elmi-akademik dairələrlə əməkdaşlıq əlaqələri qurmaq və fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə 3 elmi jurnal təsis edib: “İnam indeksi”, “Sosial tədqiqatlar” və “Azərbaycan barometri”.

Dünya təcrübəsində “İnam indeksi” kimi məlum olan, dövlət başçılarına fəaliyyət istiqamətlərini beynəlxalq modellər əsasında qiymətləndirilir və bu istiqamətdə tədqiqatlar elmi metodlarla aparılır. Bu vaxta qədər “Prezidentin fəaliyyəti ictimai rəydə: İnam indeksi” jurnalının 9 sayı çap edilib.

“Sosial tədqiqatlar”  jurnalının çap edilən 2 sayında əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir. 

Ümumilikdə, 20-dən çox sayı çap edilən “Azərbaycan barometri” jurnalında müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi məqsədi ilə keçirilən sorğular, tədqiqatlar, STM əməkdaşlarının və kənar ekspertlərin birgə hazırladıqları hesabatların və ictimai rəy sorğularının nəticələri dərc edilir.

Mərkəz fəaliyyət göstəridiyi illər ərzində elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları), eyni zamanda, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda müzakirə və əməkdaşlıq  platformalarının qurulmasına, sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını inkişafına mühüm töhfələr verib. İctimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələrin, debatlar keçirilməsi, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, geniş müzakirə platformalarının qurulması və onların idarə edilməsi və s. işlər Mərkəzin həyata keçirdiyi mühüm fəaliyyət istiqamətləri sırasında yer alıb.

Dövlət və yerli özünü idarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, xarici qurumlar, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət üzrə mühüm işlər görülüb. Nizamnaməsinə uyğun olaraq, qısa zaman çərçivəsində STM həm yerli, həm də dünyanın bir sıra nüfuzlu beyin mərkəzləri ilə əlaqələrini inkişaf etdirib. Bundan başqa, digər beyin mərkəzləri ilə də müəyyən formada əməkdaşlıqlar qurulub. Bu tərəfdaşlıqlar ölkələr arasında münasibətlərə töhfə vermək, mərkəzin nizanaməsinin verdiyi səlahiyyətlər çərçivəsində sosial, elmi, siyasi, mədəni sahədə əməkdaşlıq etmək, eyni zamanda birgə layihələr və tədqiqatlar həyata keçirmək xarakteri daşıyır.


Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzi
   İdarə Heyətinin sədri 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top