Xəzər ekoloji fəlakətlə üz-üzə — Dəniz sürətlə geri çəkilir (FOTOLAR)

SOSİAL 06 fev 2023, 15:43
Son illərdə Xəzər dənizinin suyu ciddi şəkildə azalıb. Artıq bu ekoloji fəlakəti ciddi şəkildə müşahidə edə bilirik. Abşeron və Sumqayıtdan Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha qabarıq büruzə verir. 

Məsələyə münasibət bildirən ekoloq Xosrov Musayev Demokrat.az-a açıqlamasında deyib ki, Xəzərin səviyyəsinin düşməsinin neqativ nəticələri çoxdur. Onun sözlərinə görə, ən böyük problem suyun səviyyənin azalması nəticəsində Xəzərdə ekosistemə tədricən ciddi ziyan dəyməsidir:

"Xəzər dənizinə tökülən çayların suları da az olduğu üçün dənizin səviyyəsində enmələr müşahidə olunur. İllik yağışlı olduqda, qalxmalar müşahidə edilə bilər. Nəzərə alaq ki, qlobal istilik səbəbindən buxarlanma da müşahidə olunur. Bunun nəticəsində axan çayların buxarlanması da çox olur ki, bu da nəticə etibarilə Xəzərin suyunun azalmasına təsir edir. Dənizin sahil zonalarında balıqların yem bazaları olduğundan, səviyyə enəndə onlar yem bazalarını itirir, bu cür proseslər Xəzərdə yaşayan canlılara da təsir edir".

Xəzər dənizində suyun səviyyəsinin enməsi və səbəbləri ilə bağl AMEA-nın Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov isə saytımıza bildirib ki, səviyyənin kəskin aşağı düşməsi Şimali Xəzərin tamamilə qurumasına səbəb ola bilər:

"Ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsi ilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr arasında ərazi problemlərinin yaranmasına səbəb ola bilər. Həmçinin, dəniz naviqasiyasında, neft-qaz hasilatı və daşınmalarında ciddi problemlər yarana bilər. Dəniz ekosistemində baş verə biləcək ciddi neqativ dəyişikliklər biomüxtəlifliyin nəzərəçarpacaq dərəcədə azalmasına, o cümlədən qiymətli balıq növlərinin və digər nadir dəniz canlılarının kökünün tamamilə kəsilməsinə və ya populyasiyaların minimuma enməsiylə nəticələnə bilər. Dayaz ərazilərin, o cümlədən Qızılağac körfəzinin və ərazidəki bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top