"İran səfirliyə edilən hücumu obyektiv şəkildə araşdırmalıdır" — Deputat

GÜNDƏM 01 fev 2023, 21:28
"İranda Azərbaycan səfirliyinə olunan hücum birbaşa Azərbaycan dövlətçiliyinə qarşı edilən hücumdur". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bəzi qüvvələri ciddi narahat edir:

"Sirr deyil ki, İran üçün 30 illik yaranmış bu coğrafi vəziyyət onun bilavasitə gəlir mənbəyi idi. Çünki İran bu müddət ərzində bəzi xətlər üzrə dəhliz rolunu oynayıb. Lakin İkinci Qarabağ müharibəsindən sonra İranın tranzit baxımından aktivliyi azaldı. İranın bu iqtisadi itkilərinin miqyasını İran Yol və Nəqliyyat Nazirliyinin statistik rəqəmlərində də görmək mümkündür. Bu isə İranı ciddi şəkildə narahat edir".

Millət vəkilinin sözlərinə görə, Ermənistanın qətiyyətsizliyi nəticəsində bölgədə yenilənmiş "böyük güc yarışması” başlayıb:

"2020-ci ilin noyabr bəyannaməsindən sonra dəyişən geosiyasi vəziyyətə İran həssas mövqeyini nümayiş etdirir. Ermənistan isə zəif bir ölkə olaraq daim özünə havadarlar axtarır və Azərbaycana məxsus sərvətləri başqa dövlətlərə verərək kiminsə kölgəsinə sığınmağa çalışır. Ümumiyyətlə, Azərbaycan heç zaman qonşularla mübahisəli məqamları konflikt dərəcəsinə çatdırmaq istəməyib. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan bu tip gərginlikləri bilavasitə toqquşma səviyyəsinə gətirməyib. Hesab edirəm ki,  İran öz ölkəsi daxilindəki antiazərbaycan siyasətini dayandırmalı və səfirliyə olunan hücumu obyektiv şəkildə araşdırmalıdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top