İrana bağlı “İnteraz” və “SalamNews”un vergidən yayınmasına və fəaliyyətinə hansı məmurlar dəstək verib? — ŞOK DETALLAR

TƏHLİL 31 yan 2023, 16:52
İranın casus şəbəkəsinə qarşı əməliyyat “İnteraz” kanalı və “SalamNews” informasiya agentliyində də keçirilib. Bu media resurslarının İran maliyyəsi ilə fəaliyyət göstərdiyi və mollaların təbliğatını apardığı heç kəsə sirr deyil.

Uzun illər İran rejimi bu media resurslarının maliyyələşdirilməsini hacı Mətləb Bağırov adlı şəxs üzərindən həyata keçirib. Qumda təhsil alan, mollaların əsas təbliğatçısı olan Mətləb Bağırov hazırda Rusiyada yaşayır, son dövrlər isə “İnteraz”-ın peyk yayımını “Türksat”a keçirməsindən sonra fəaliyyətini İstanbula köçürüb.

“İnteraz” və “SalamNews”un Azərbaycan mediasına sızması isə Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun dövründə baş verib. Yaradılan şəraitdən istifadə edən hər iki media orqanı İran rejiminin əsas müdafiəçisi rolunu həyata keçirirdi.

Əldə etdiyimiz məlumatlara görə, İrana bağlı hər iki media orqanı Azərbaycanda təkcə informasiya casusluğunu həyata keçirməyib, həm də qeyri-qanuni fəaliyyət göstərib.

Birincisi, külli miqdarda vergidən yayınıb. Redaksiyalarda 50-dən çox əməkdaş çalışsa da, onlardan yalnız bir neçəsi rəsmi işçi kimi göstərilib. Vergi ödəməmək üçün işçilərə əmək haqqı “paket” formasında verilib. 



İkincisi, redaksiyalarda əmək qanmunvericiliyinə əməl edilməyib. Səlim Müslümovun Əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə “İnteraz” kanalı və “SalamNews” informasiya agentliyinin onlarla əməkdaşının maaşı ödənilmədən qanunsuz şəkildə işdən azad edilib, Nazirlik isə bu qanunsuzluğa göz yumub. Həmin dövrdə Dövlət Əmək Müfəttişliyinə dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib. “İnteraz” kanalı və “SalamNews” informasiya agentliyinin rəhbəri hacı Mətləb Bağırovla Səlim Müslümovun əməkdaşlıq əlaqələri sayəsində sözügedən işçilərin hüquqları tapdalanıb.



Əli Həsənov və Səlim Müslümovun “himayəsi” ilə fəaliyyət göstərən “İnteraz” kanalı və “SalamNews” informasiya agentliyi rahat şəkildə İran rejimini təbliğ edir, hətta informasiya casusluğunu da həyata keçirirdi. Hər iki media orqanının Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid yaratması şübhəsiz idi. 

Ancaq hüquq-mühafizə orqanlarımızın həyata keçirdiyi son əməliyyatlar təsdiq etdi ki, Azərbaycan dövləti bu təhdidi aradan qaldırmağa qadirdir. Bundan sonra da Azərbaycan dövlətinə və xalqına qarşı çevrilən istənilən fəaliyyətin qarşısı qətiyyətlə alınacaq. 


Zaur Hacılı
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top