Bakıda gənc oğlan xəstə bacısına baxmayan yeznəsini qanına boyadı — TƏFƏRRÜAT

KRİMİNAL 31 yan 2023, 12:51
Bakının Səbail rayonunda 1996-cı il təvəllüdlü İxtiyar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bacısının əri Şəhriyara xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 1-də baş verib. İxtiyar həmin gün, axşam saat 23 radələrində yeznəsi ilə onunla nikahda olan xəstə bacısını vaxtında həkimə aparmamasını irad bildirib. 

Buna görə, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Şəhriyarın onu təhqir etməsi səbəbindən qisas almaq məqsədilə qayçı ilə ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən İxtiyarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığına xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, valideynləri ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində kirayədə yaşayır: “Rəsmi heç bir yerdə işləmirəm. Hərdən fərdi olaraq tikintilərdə fəhləlik edərək çörək pulu qazanıram. Bacım Səidə həmyerlimiz Şəhriyarla rəsmi nikahda olmaqla birgə nikahlarından ikiyaşlı qızları var. Səidə və əri Şəhriyar rəsmi Salyan rayonunda qeydiyyatda olsalar da, Səbail rayonu, 20-ci sahədə kirayədə yaşayırlar. Şəhriyar Bakı Yaşıllaşdırma İdarəsində fəhlə işləyir”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 1-də, saat 22.30-da qohumu Meyxoşla birlikdə Səbail rayonu, 20-ci sahə ərazisində yol kənarında dönər köşkündə dönər yeyərkən orada Şəhriyarla rastlaşıb: “Şəhriyarın yanında qohumu Zaur da olub. Birlikdə söhbət edərkən mobil telefonuma Səidə zəng etdi və Şəhriyarın mobil telefonuna zəng çatmamasını, qarın nahiyəsində bərk sancılar olmasını dedi. Mənə təcili evlərinə gəlməyimi, yardım etməyimi və ya həkim çağırmasını bildirdi. Mən təcili qaçaraq bacısımın yaşadığı evə getdim. Şəhriyar isə digər qohumlarımız ilə birgə arxamca evə gəldi. Evə çatdıqda bacımın yaşadığı evdə qaynanası Südabənin olmasını, Səidənin evin mətbəx otağında stulda oturub qarın nahiyəsini tutaraq ağlamasını gördüm. Bundan əsəbləşdim. Südabəyə qışqıraraq, “mən bu maydana (yəni Şəhiyarı nəzərdə tutaraq) dedim ki,qoy qız rayonda qalsın, aparıb həkimə göstərək, belə olsaydı, qız bu vəziyyətə düşməzdi” sözlərini dedim. Bu zaman Şəhriyar arxadan gələrək evə çatdı. Onun barəsində dediklərimi eşitdi”. 
İxtiyar qeyd edib ki, bu zaman Şəhriyar onun ünvanına nalayıq söyüşlər söyməyə başlayıb: “Şəhriyara qadınların yanında söyüş söyməməsini bildirsəm də, sonuncu sözümə əhəmiyyət vermədi. Daha da qızışaraq söydü. Mətbəx otağında tumbanın üzərində olan qayçını götürüdüm və Şəhriyarın üstünə gedərək bir daha söyüş söydüyü halda vuracağımı dedim. Şəhriyar isə söyüşlərini davam etdirərək küçəyə qaçdı. Mən isə əsəbi olduğumdan arxasınca qaçdım. Təxminən 50-60 metrdən sonra küçədə Şəhriyara çatdım. Əlimdə götürdüyüm qayçı ilə 2 dəfə Şəhriyarın bel nahiyəsindən vurdum. Sonra isə Şəhriyar sakitləşdi və ordan ayrıldı. Mən isə əlimdə olan qayçı ilə birlikdə evə döndüm. Şəhriyarı vurduğum qayçını mətbəx otağındakı yuyucu masanın üzərinə qoydum. Həmin qayçı ilə Şəhriyarı vurduğumu dedim. Sonra Səidəyə mənimlə getməsini dedim. Lakin bacım razı olmadı. Mən oradan çıxdım və Binə qəsəbəsinə kirayədə yaşadığım evimə getdim”. 

Təqsirləndirilən şəxs deyib ki, yeznəsini qayçı ilə vuraraq xəsarət yetirdiyi barədə valideynlərinə deyib: “Valideynlərim də gecə ilə Şəhriyarın vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya getdilər. Səhər açıldıqda polis tərəfindən axtarıldığımı bildim. Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gəldim. Şəhriyarı qayçı ilə vurduğumu etiraf etdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə İxtiyarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top