Psixoloji problemləri olan qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 30 yan 2023, 17:06
Sumqayıt şəhərində 1996-cı il təvəllüdlü Toğrul qardaşı Tofiqə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qardaşı Tofiqin psixoloji problemləri var: “Evdə daima münaqişə yaradır, bütün ailə üzvlərimizi narahat edir. Ona dəfələrlə bu barədə xəbərdarlıq etmişəm, ona hərəkətlərinə məhəl qoymasını tələb etmişəm. Lakin Tofiq hərəkətlərində heç bir dönüş etmədi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, səhər saatlarında işdə olan zaman anası telefonla ona zəng vurub və Tofiqin yenidən evdə münaqişə yaratdığını, ev əşyalarını sındırdığını deyib: “Təxminən saat 20.50-də yaşadığımız evə gələndə Tofiqi hərəkətlərinə görə tənbeh etdim. Bu zaman aramızda münaqişə yarandı. Münaqişə zamanı Tofiq mənə cavab qaytardı, sözlərimin heç birinə qulaq asmadı və etdiyi hərəkətlərin doğru olduğunu  dedi. Həmin vaxt qardaşım əlinə bıçaq alaraq üzərimə hücüm çəkmək istədi. Əsəbiləşərək Tofiqin sifət və boyun nahiyələrinə bir iki şillə zərbəsi vurdum və dirnaqlarım uzun olduğu üçün onun boğazı cırıldı”. 

Toğrul qeyd edib ki, bundan sonra qardaşı Tofiq evdən gedib: “Əməlimdən peşmanam. Hazırda biz barışmışıq. Zərərçəkmış şəxsin mənə qarşı heç bir şikayəti, tələbi yoxdur”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Toğrulun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top