“Din mənsubu olan heç bir insanı digərindən fərqləndirmək üçün əlavə bir buynuz yaradılmayıb” — Deputat

SİYASƏT 27 yan 2023, 23:14
"Demokratiya islam ölkələrində öz siyasətini yeridib istəklərinə nail olmaq üçün Qərbin əlində bir silahdır. Əslində, Qərbin özü demokratiyadan uzaqdır və ayrı-seçkilik, islama nifrət ruhunu aşılıyır. İsveçdə danimarkalı siyasətçinin “Quran” yandırması və qərb dövlətlərin də buna səssiz qalması Qərbdə islamofobiyanın güclənməsinin göstəricisidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, bundan əvvəl də Qərbdə məscidlərin və “Quran”ın təhqir edilməsi halları mütəmadi olaraq baş verib:

"Təbii ki, belə hallar dinlərarası münasibətlərdə böyük bir çat yaradır. Çünki “Quran”ın və məscidlərin təhqir edilməsi dünya əhalisinin 23%-ni təşkil edən 1,6 milyard müsəlmanın təhqir edilməsi deməkdir. Hesab edirəm ki, Qərb dövlətləri belə hallara yol verməməlidir. Necə olur ki, müsəlman ölkəsində xristian dininə qarşı təsadüfən hər hansı bir hərəkət baş verəndə bütün dünya xristianları birləşib dərhal müdafiəyə qalxırlar və bunu dini müstəvidə nifrətin qızışdırılması kimi qeyd edirlər? Məsələn, ermənilər 44 günlük Vətən müharibəsi zamanı Şuşadakı kilsəni özləri içindən partladaraq, Azərbaycanın üzərinə atmışdılar. Qərb də bu hadisəyə görə Azərbaycana qarşı ittihamlar səsləndirmişdi və xristian dini abidələrinin dağıdılmasına yol verilməməsini tələb etmişdilər. Halbuki, bu hadisənin səbəbkarı Ermənistanın özü idi". 

"İndi İsveçrədə "Qurani-Kərim"i açıq şəkildə yandırırlar və  Qərb dövlətləri heç səsini də çıxartmır. Əslində, dini düşmənçiliyi inkişaf etdirənlər çox ciddi şəkildə cəzalandırılmalıdır. Çünki müharibələrin əksəriyyəti insanların müqəddəs hislərinə toxunanda qızışır. Qərb dövlətləri islam dininin mənsublarını ikinci dərəcəli insanlar hesab etməməlidir. Allah ayrı-ayrı dinləri yaratsa da, insanları eyni yaradıb. Din mənsubu olan heç bir insanı digərindən fərqləndirmək üçün əlavə bir buynuz yaradılmayıb. Ona görə də, insanların fiziki görünüşdə bərabər olduqlarına görə dini mənsubiyyətlərindən asılı olmayaraq, hər dinin mənsub olduqları müqəddəs hislərinə görə də hörmətlə yanaşmalı və bir-birini qəbul etməlidir. Təəssüf ki, belə deyil!".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top