"Özünə islam dövləti deyir, iki xalq arasında münasibətlərə ağır zərbələr vurur" — Deputat

SİYASƏT 27 yan 2023, 21:24
"İran İslam Respublikasında Azərbaycan səfirliyinə hücum və hücum nəticəsində bir nəfərin şəhid olması, iki nəfərin yaralanması hadisəsini pisləyirəm".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat qeyd edib ki, bu hadisə İran İslam Respublikasının ərazisində baş verməsi məyusedici bir hadisədir:

"Bir dövlət ki, özünə müsəlman, islam dövləti deyir və qonşu olaraq başqa dövlətlə minilliklər boyu onların tarixi, dini yaxınlıq birləşdirirsə, belə bir hadisə doğurdan da, iki xalq və dövlət arasında münasibətlərə ağır zərbələr vurur. İran bu illər ərzində Ermənistanı müdafiə etmiş olsa da, biz bir xalq olaraq bundan təəssüf hissi keçirmişik. Amma heç bir zaman İran dövlətinə və vətəndaşlarına qarşı bu barbar üsulları belə xəyalımıza gətirməmişik. Təbliğatımızda da heç bir zaman belə hallara yol vermək biz tərəfdən irəli sürülməyib. Çox təəssüflər olsun ki, bu gün İranda baş verənlər ayrı-ayrı İran vətəndaşlarının Azərbaycana olan düşmən münasibətini göstərir. Halbuki, bu münasibətlər üçün heç bir əsas yoxdur. Azərbaycan tarix boyu, yəni öz müstəqilliyini bərpa edəndən sonra İranla bağlı hansı problemlə bağlı məsələ olubsa, həmişə İran tərəfində olub. Bu illər ərzində biz İrana olan münasibətdə öz səmimi və dürüst münasibətimizi nümayiş etdirsək də, İran tərəfdən bunu görmədik. Bugünkü hadisələr göstərir ki, İranda ayrı-ayrı dairələr iki ölkə  arasında münasibətləri daha da sərtləşdirmək, çətinləşdirmək və mürəkkəb vəziyyətin yaranması üçün əllərindən gələni edirlər. Azərbaycanlılara qarşı baş verən bu hadisəni kəskinliklə qınayırıq. İnanırıq ki, Azərbaycan tərəfinin sağlam düşüncəsi İran tərəfindən də dərk olunacaq. İki dövlət arasındakı münasibətlərin normal məcraya düşməsi üçün İran tərəfi də öz sağlam addımlarını atacaqdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top