Elmar Məmmədyarov: “Səfirliyə hücumun qarşısının alınması üçün postdakı İran polisləri köməklik göstərməyiblər”

GÜNDƏM 27 yanvar 2023, 18:00
“İranda Azərbaycan səfirliyinə edilən silahlı hücumun səbəbini istintaq araşdıracaq. Məsələnin kökünü İran tərəfi mütləq dəqiqləşdirməlidir. Hadisə zamanı şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Terror aktını qəti şəkildə pisləyirəm. Çox suallar var. Çünki səfirliyimizin qarşısında polis postu olub. Bunu fotolardan da aydın şəkildə görmək mümkündür. Beynəlxalq konvensiyalara uyğun olaraq, İran səfirliyimizi qorumalı idi. Amma belə başa düşdüm ki, postda duran İran polisləri heç bir köməklik göstərməyiblər. İran terrorla bağlı istintaq aparmalı, ilkin məlumatı Azərbaycan hökumətinə verməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Sabiq nazir terror aktında SEPAH-ın əli olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

“Bunu istintaq müəyyən etməlidir. İndidən şərh etmək çətindir. Çünki ciddi istintaq aparılmalıdır. Bu, nəinki xoşagəlməz, qəbuledilməz hərəkətdir. İlk növbədə terrorçunun hücum etməsində sual altında qalan məsələ budur – onun arxasında dayanan kimdir? Bu məsələdə müxtəlif cür hərəkət etmək olar. Gərək əvvəlcə terrorun arxasında kimin, hansı qüvvələrin dayandığını öyrənək. Bundan sonra necə addım atacağımızı müəyyənləşdirməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top