Nəzirlərin kartla verilməsi niyə baş tutmadı? — Şeyxin qardaşı əleyhinə çıxdı

SOSİAL 10 yan 2023, 16:00
Artıq xeyli vaxtdır Azərbaycanda dini qurumların ianə edilən pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul etməsi gündəmdədir.

Hətta bu məsələ ilə bağlı ötən ilin əvvələrində "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə dəyişiklik də təklif olundu. Dəyişiklikdə dini qurumların könüllü ianələr üçün müraciət etməsinə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə bilməsi nəzərdə tutulur.

Bəs, qanuna təklif edilən dəyişiklik ötən bir il ərzində niyə qəbul olunmadı?

Məsələ ilə bağlı təklifin müəlliflərindən biri olan deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovla əlaqə saxladıq. O, Bakupost.az -a açıqlamasında bildiridi ki, hazırda bu istiqamətdə iş gedir.

Ceyhun Məmmədovun sözlərinə görə, “Dini etiqad azadlığı” haqqında qanuna ianələrin elektron qaydada ödənilməsi ilə bağlı dəyişiklik təklif edilib və bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə müəyyən işlər aparır:

"Biz məsələnin qanunvericilik tərəfini həll etmişik. Qalan işləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi görməlidir. Proses hələ ki davam edir. İanələrin, nəzirlərin elektron qaydada ödənişinin təmin olunması nəzərdə tutulur. Bu qayda hazırda bir sıra ölkələrdə tətbiq edilir. Azərbaycanda da bununla bağlı işlər aparılır. Yəqin ki, bir müddət sonra prosesin yekunu haqqında məlumat veriləcək".

Lakin bu məsələ cəmiyyətdə, elə deputatlar arasında da birmənalı qarşılanmır.

Məsələn, deputat Cavanşir Paşazadə Bakupost.az -a ianələrin elektron qaydada ödənişinə ehtiyac olmadığını bildirib.

Onun sözlərinə görə, nəzir qutuları olmayan yerlərdə müəyyən köçürmələr etmək istəyənlər varsa, bu, təmin edilər bilər:

"Əgər elə bir məscid varsa və orda post-terminalın olması vacibdirsə, bunu etmək olar. Halbuki mən inanmıram ki, belə bir şey olsun. Pos-terminallar yaratmaq müvafiq təşkilatların özündən asılıdır. İstər yerləşdirər, istər yerləşdirməz. Bununla bağlı bizə hər hansı müraciət və ya insanların şəxsi təklifi daxil olmayıb. Bu məsələ hələlik sadəcə ağıla gələn bir fikir, irəli sürülən bir təklif kimi var. Məncə, faktiki olaraq, buna ehtiyac yoxdur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top