“8 milyonu İrina Şeykə xərcləsəydi, adam deyərdi ki, heç olmasa, zövqü var...”

GÜNDƏM 31 dek 2022, 10:14
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun və övladlarının gələcək taleyinin necə olacağı ilə bağlı ortaya çıxmış suallar hələlik konkret cavablarını tapmayıb. Lakin mətbuata ayaq açan məlumatlar Talıbovların qara günlərinin hələ qarşıda olduğunu ehtimal etməyə əsas yaradır”.

Demokrat.az
-ın məlumatına görə, bu barədə Missiya.az yazıb.

İddialara görə, hələ ictimaiyyətə açıqlanmayan tükürpədici faktlar var ki, onlar da tədricən gün üzünə çıxarılacaq və nəticədə Talıbovların dövlətə vurduğu zərərin miqdarı barədə daha aydın təsəvvürlər yaranacaq: “Eyni zamanda, Naxçıvan əhalisinin Dövlətdən narazı salınmasına xidmət edən davranışlar, eləcə də ağlasığmaz qadağalar barədə daha dəqiq və ətraflı məlumatların da çeşidlənəcəyi gözlənilir. Hazırda dolaşan məlumatlardan biri də Talıbovlara məxsus daşınan və daşınmaz əmlakın, şirkət və obyektlərin, eləcə də avtomobillərin dəqiq siyahısının müəyyənləşdirilməsi ilə bağlıdır. Bu isə Talıbovların qanunsuz yolla formalaşdırılmış varidatının dövlətin nəfinə veriləcəyini göstərir.

Məlumatlara görə, Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Talıbovların “səxavətindən” yararlanan türkiyəli müğənnilər də var. Demet Akalın, Hande Yener konkret olaraq Seymur Talıbov tərəfindən böyük məbləğdə pul və bahalı hədiyyələrlə mükafatlandırılıblar’’.

Məlumatlarda həmçinin qeyd olunur ki, Talıbovların xərcləmələri ən xırda detala qədər araşdırılır və çox güman ki, müğənnilər də sorğu-suala çəkilərək, “Nə qədər almısız, harada və hansı şəkildə” kimi suallara cavab verməli olacaqlar.

Qeyd edək ki, Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Əməkdar artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər də yayılıb. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub. Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.

Röya Ayxanın prodüseri Kənan Bayramov mediaya açıqlamasında deyib ki, yayılan xəbərlər şayiədir və həqiqəti əks etdimir: “Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamıyıb. Siz bu cür məlumatlara hələ də necə inanırsız?”

Seymur Talıbovun Damlaya da konserti müqabilində yüksək qonorar verdiyi iddia olunur. Damlanın meneceri Şəhriyar Abışov mediaya açıqlamasında yayılan məlumatları təkzib edib. “Biz o adamı tanımırıq. Naxçıvanda ”Saat Meydanı"nda konsertimiz olub. Konsert təşkilatçılar vasitəsi ilə həll edilib, qonorar da ənənəvi qaydada verilib. Bir günlük konsert proqramı ilə çıxış etmişik və qayıtmışıq. Ümumiyyətlə, biz onu tanımırıq. Bizdə telefon nömrəsi belə yoxdur. O adamla üz-üzə də gəlməmişik", - deyə o əlavə edib.

“Yeni Müsavat”ın əməkdaşı Xalq artisti Aygün Kazımova ilə əlaqə saxlamağa cəhd edib. Müğənninin mətbuat katibi Zəhra Əhmədova qəzetimizə xaricdə olduğunu deyib və məsələyə münasibət bildirməkdən yayınıb.

Müğənni Vəfa Şərifovanın da köməkçisi “Yeni Müsavat”a məsələdən xəbərsiz olduqlarını, cavab verə bilməyəcəklərini deyib.  

Real Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli isə bu məsələ ilə bağlı fikrini bildirib. O öz sosial media hesabında məsələyə belə münasibət bildirib: “Bizim məmur və övladlarının heç zövqü yoxdur, çünki qazancları əziyyətlə olmayıb, tər tökərək uğur qazanmayıblar, bütün qazancları ”kreslo", büdcə oğurluğu, rəqabətsiz biznes üzərinə inşa edilib. Ona görə də vizual gözəlliyi, yumşaq desəm, heç də üst səviyyədə olmayan bir müğənniyə 8 milyon dollar xərcləyə bilirlər. Deyəcəksiniz ki, adına xərcləyiblər - ola bilər, amma bu da “çuşkalıqdır”. 8 milyon dolları, məsələn, İrina Şeykə xərcləsəydi, adam deyərdi ki, cəhənnəm, oğru da olsa, zövqü var".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top