Sabiq səfirin keçmiş xanımı məhkəmə qarşısında — Yenidən dələduzluq ittihamı

KRİMİNAL 22 dek 2022, 17:54
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin keçmiş xanımı Şəmsiyyə Bəylərqızı yenə də dələduzluq əməlində ittiham olunur. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət başlanıb.

O, Hüseynov Sadiq Qəzənfər oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir. 

Məlumata görə, ibtidai istintaq artıq başa çatıb. İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Yaqubovun icraatındadır.

Şəmsiyyə Bəylərqızı bundan əvvəl keçmiş əri Əfşar Süleymaninin şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 2013-cü ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Sonradan saxlandığı kamerada Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb. Buna görə də barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsi Şəmsiyyə Bəylərqızının şikayətini qismən təmin edərək onun ittiham olunduğu Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi məcəllənin 317.2.1-ci maddəyə tövsif olunub. Məhkəmə Şəmsiyyə Bəylərqızının cəzasını 10 il 3 aya endirib. 2019-cu ildə isə əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Qeyd edək ki, Əfşar Süleymani ilə Şəmsiyyə Bəylərqızı 2007-ci ildə ailə həyatı qurublar. Onların birgə nikahdan 2008-ci ilin iyun ayında bir uşaq da dünyaya gəlib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top