“Laçının girişində bizim gömrükçülər və sərhədçilər olacaq” — SABİQ NAZİR

SİYASƏT 10 dek 2022, 15:13
Tofiq Zülfüqarov: “Azərbaycana qanunsuz keçmiş iranlılar qaçacaqlar” 

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanması ilə bağlı Rusiyada, Avropada, ABŞ-da aparılan danışıqların indiyədək konkret nəticəsi olmayıb. Çünki Ermənistan buna hazır və ya razı deyil, hər dəfə sülhə yaxınlaşanda bir təxribat törədir. Bəllidir ki, sülhlə bağlı tərəflərin və vasitəçilərin bir sıra təklifləri var.

Eyni zamanda o da təhlilçilər tərəfindən vurğulanır ki, sülhə nail olmağın ən yaxşı yolu Azərbaycan və Ermənistanın öz arasında danışması və razılığa gəlməsidir. Türkiyə Prezidenti Ərdoğan bir müddət öncə bunun optimal yol olmasına dair mövqe sərgiləmişdi. Gerçəkdən, proseslər onu göstərir ki, vasitəçilərlə bu iş alınmır. Əlbəttə, Azərbaycanın sülhlə bağlı təklifləri və yanaşması tamamilə haqlıdır və bunları Ermənistanın qəbul etməməsi yalnızca bəhanələrlə sülhdən, münasibətlərin normallaşmasından yayınmaqdan başqa bir şey deyil. Azərbaycan bu istiqamətdə öz üzərinə düşən bütün addımları atıb. Hətta o da bəllidir ki, Azərbaycan Ermənistana sülh təklifini göndərib. Erməni deputat Eduard Ağacanyan bu haqda danışarkən deyib ki, Azərbaycanın Ermənistana sülh sazişi təklifinin detallarını açıqlamaq tezdir: “Bəli, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb. Bakı və İrəvan danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır. Məncə, indi buna sənəd demək düzgün deyil. Bunlar dərc olunmayan təfərrüatlar olduğu üçün mən bu barədə ucadan danışa və açıqlaya bilmərəm”. Ağacanyan Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ilin sonuna qədər görüş baş tutmasını istisna etməyib. Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri səviyyəsində də görüş keçirilə bilər... Bütün bu məsələlərlə bağlı sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov “Yeni Müsavat”a danışdı.

Tofiq Zülfüqarovun Musavat.com-a geniş müsahibəsini təqdim edirik:

- Tofiq bəy, ilin əvvəlində, ortasında verilən “ilin sonunadək sülh müqaviləsi imzalana bilər” proqnozu baş tutmamış hesab oluna bilər. Çünki 2022-nin bitməsinə 3 həftə qalır və bu müddətdə saziş olacağı inandırıcı deyil. Bəs perspektiv necə görünür? Bu sazişin imzalanması üçün şərtlər nə zaman yetişə bilər?

- Ermənilərin bir təklifi var idi. Paşinyan təklif edirdi ki, öncə çərçivə sazişi imzalanmalıdır. Yəni orada prinsiplər sadalansın. Amma sülh sazişinin tərkib hissəsi olan delimitasiya mövzuları və sair məsələlər müzakirə olunsun - yəni praktik vaxt tələb edənlər sonraya qalsın. Təxminən biz indi biz Almatı Bəyannaməsinə, BMT qətnamələrinə istinad edirik. Biz orada axtardığımız prinsiplərin əksini tapdığı bəyanata oxşar bir saziş iki ölkə arasında bağlanmalıdır. Həmin ölkələr öz aralarında hansısa prinsiplərə əməl edəcəklər. Bir-birinin qarşısında öhdəliklər götürəcəklər, ərazi bütövlüyünün tanınması və sair daxil. Mən istisna etmirəm ki, yeni ildə buna aid orta dövr üçün hansısa sənəd, çərçivə sənədi şəklini alan layihə ola bilsin işlənilsin. Elə bil  bu, sülh sazişinin preambulasıdır. Ümumi baza prinsipləri sadalanacaq ki, onun əsasında digər məsələlərə də baxılacaq. Bu da bir növ ölkələrin bir-biri qarşısında öhdəlik olacaq. Orada birbaşa göstəriləcək ki, “mən, Ermənistan...film dilində desək, "mən, Məşədi İbad..." (Gülür)

- Rusiyada növbəti dəfə baş nazirin müavinləri səviyyəsində üçtərəfli görüş keçirildi. Budəfəki görüş prosesin irəli aparılmasına gətirib çıxaracaqmı?

- Təbii ki, bu, Zəngəzurla bağlı görüşdür. Çünki baş nazirin müavinləri əsasən kommunikasiyaların bərpası ilə məşğuldurlar. Zəngəzur məsələsinə baxsaq, orada iki məsələ bir-birindən ayrılmalıdır. Bir mövzu daha çox texniki məsələlərlə bağlıdır. Yəni orada işlərə başlanılması, texniki baxımdan yolun bu və ya digər səviyyəyə gətirilməsi məsələsi var. Biz bilirik ki, bu məsələ ilə bağlı hər iki tərəf bu işlərə başlayıb. Ermənistan da bu məsələlərlə əlaqədar məlumat yayıb ki, onlar da məsələ ilə məşğuldurlar. Burada texniki məsələləri ayırmaq lazımdır. O, öz-özlüyündə böyük bir məsələdir. Onun icrası, yəni tikinti işlərini aparmaq, maliyyə və sairə filan qədər vaxt lazımdır. İndi gündəmdə digər məsələ də var: yol bərpa olunandan sonra onun istifadə qaydaları necə olacaq? Burada fikir ayrılığı mövcuddur. Çünki Ermənistan tərəfi deyir ki, dəhliz olmasın, kommunikasiya olsun və orada Ermənistanın suverenliyi qalmalıdır. Yəni eksteretorial xarakter olmasın. Ancaq Azərbaycan tərəf israrla bildirir ki, Ermənistan 2020-ci ilin 10 noyabr sənədində eksteretoriallıq barədə öhdəlik götürüb və orada nəzarət tam şəkildə Rusiya sərhədçilərinin olmalıdır. Bununla bağlı fikir ayrılığı qalmaqdadır. Amma texniki məsələlər, bərpa işləri var. Bəzi hissələrdə yol çəkilməlidir, çünki yolun keçdiyi ərazidə, Araz çayı üzərində bənd və elektrik stansiyası tikilib. Digər texniki məsələləri qeyd etmək lazımdır ki, Azərbaycan orada avtomobil yolunun olmasında israrlıdır. Amma o yoldan kim istifadə edibsə, bilir ki, ora landşaft baxımından çox mürəkkəb bir yerdir. Yəni Araz çayı boyunca bir neçə metrlik məsafədə dəmir yolu çəkilib. Belə çıxır ki, avtomobil yolu üçün yer yoxdur. Məhz ona görə İranla razılığa gəlinib ki, bəzi yerlərdə avtomobil yolunun bir hissəsinin İrandan keçməsi üçün körpülər tikiləcək. Arazın o tayında artıq yol da var. Təxminən belə məsələlər mövcuddur. Dediyim mövzular artıq açıqlanıb. Təxminən buna aid praktik məsələlərin müzakirəsi gedir. Biz başa düşməliyik ki, bu yolun istifadəsində maraqlı olan tərəflərdən biri Rusiyadır. Rusiya bu məsələ ilə bağlı daha çox Ermənistana təsir göstərir. Çünki Ermənistanın mövqeyi bundan ibarətdir ki, bu yol nəyə lazımdır? Yaxud da Naxçıvanla əlaqə qurmaq istəyirsinizsə, digər tərəfdəki yoldan, Qərbdəki yoldan istifadə edə bilərsiniz. Təxminən belə. Amma hiss olunur ki, Azərbaycanın mövqeyi qətidir: məhz bu yol olmalıdır!

“Sabah lazım gələcək ki, “Azəriqaz”, “Azərişıq”, “Azərsu” da sülhməramlıların olduğu bölgədə öz fəaliyyətinə başlasın”

- Yol olmalıdır, yoxsa dəhliz? 


- Təbii ki, yol dəhliz şəklində.

- İran da son günlərədək Zəngəzur dəhlizinə qarşı müqavimət göstərirdi. Tehranın bundan sonrakı davranışları barədə gözləntiləriniz nədən ibarətdir?

- Mən belə başa düşdüm ki, İranın yola qarşı iradları yoxdur. Onlar razıdırlar ki, avtomobil yolunun bir hissəsi onun ərazisindən keçsin. Bəlkə də onların iradları daha çox eksteretorial xarakterlə bağlıdır. Burada ayrı bir mövzuya toxunuruq. Amma artıq buna aid də açıq və əsaslı məlumat göstərir ki, bu yol bir çox hallarda qaçaqmalçılıq üçün istifadə olunur. Hətta narkotik ixracı ilə İranın məşğul olan dairələri bu yoldan istifadə ediblər. Ortada işbirliyi var. Bu, mənim fikirlərim, mülahizələrim deyil. Rusiya sərhəd qoşunlarının bir bəyanatı var idi ki, onlar orada postların sayını artırıblar. Məhz narkotiklərin ixracı ilə əlaqədar bu addım atılıb. Bilirsiniz ki, orada - İran-Ermənistan sərhədində - nəzarət Rusiya sərhədçilərinin əlindədir və orada nəzarəti gücləndiriblər. İndi isə Azərbaycan tərəfi ona nail olub ki, Qarabağ bölgəsində, Laçının girişində bizim gömrükçülər və sərhədçilər olacaq. Bu baxımdan məsələlər yavaş-yavaş düzəlir. Belə məsələlər ortaya çıxır ki, bunun arxasında İranın hansısa dairələri var, hansı ki, qaçaqmalçılıqla məşğuldur. Narkotiki qeyd etdik, amma orada neftin də ixracı həyata keçirilir. Əsas gərginlik ondan sonra baş verib guya İran sürücüləri Azərbaycan tərəfdən yoxlanıldıqlarından narazı idi. Yəni proseslər gedir, açıq deyək ki, bu, müsbət proseslərdir.

- İrandan Qarabağa növbəti qrup gəlib və artıq dövlət qurumlarımız tərəfindən deşifrə olunublar. Onlarla bağlı nələr baş verəcək?

- Gəlin güc nisbətinə fikir verək. Moskvada keçirilən görüş onu göstərir ki, bu mövzulara Rusiya da maraqlıdır və təzyiq göstərir. Onun əsas marağı bundan ibarətdir ki, bu yol açılandan sonra həm İran, həm Türkiyə ilə dəmir yolu əlaqəsi bərpa olunacaq. Demək olar ki, Rusiya Cənub dəhlizi deyilən bir projeni artıq tamamlayacaq. Yəni lap Ukraynadakı müharibə bitsə də, Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmayacaq. Bu baxımdan dəmir yolu imkanları onlar üçün çox vacibdir. Əminəm ki, orada Rusiya İrana da təzyiq edəcək və Tehran gec-tez öz mövqeyini dəyişəcək.

- İran vətəndaşları və digər əcnəbilərsə rus sülhməramlıların gözləri qarşısında Azərbaycan ərazisinə daxil olur. Deməli, Moskva ikili oyun oynayır, elə deyilmi?  

- Bəli. Burada hamı ikili və üçlü oyun oynayır. Yəni burada kimdənsə səmimiyyət gözləmək düzgün olmaz. Taktiki baxımdan bu mövzuda görürəm ki, Moskva görüşü bizim məqsədlərə daha uyğundur. İranın da mövqeyi dəyişməkdədir. Yeni administrasiyanın formalaşmasından bəhs olunarkən hamı deyir ki, onların mühafizəkarlara yaxınlığı var, o cümlədən SEPAH-a. Bilirik ki, neftin və digər malların qaçaqmalçılığı rəsmən SEPAH-a tapşırılıb. Mənim təhlillərim göstərir ki, bu gərginliyin arxasında o dairələr dayanır. Görürük ki, bəyanatlar verən də əsasən mühafizəkar dairələrdir. Hətta İranın daxilində də bu, baş verir. Artıq məcburdurlar ki, hansısa qanunları dəyişdirsinlər. Yəni digər qanadın təzyiqləri onlara təsir edib.

- Yenə İran vətəndaşları ilə bağlı məqama qayıdaq. Yekunda qanunsuz olaraq ərazilərimizə keçənlərlə bağlı hansı tədbirlər görüləcək, onlar Bakıya təhvil veriləcək, yoxsa...

- Mən hesab edirəm ki, Azərbaycana qanunsuz keçmiş iranlılar qaçacaqlar. Çünki istər-istəməz hansısa vəzifələri də olsa, onların əsas məqsədi ərazilərimizdə gizli fəaliyyət olmuşdu. İndi ki bunu açıqlayıblar, demək, orada heç bir şey edə bilməyəcəklər. İndi orada texniki vasitələrlə təchiz olunmuş monitorinq missiyası var. Oradakı məlumatlar o cümlədən Türkiyə hərbçilərindədir. Eyni zamanda Azərbaycan da öz ərazisində texniki vasitələrdən istifadə edərkən, o cümlədən PUA və sairləri, həmin bölgəni tamamilə nəzarət altında saxlayır. Orada bizə təhlükə yaradan hansısa fəaliyyət olan kimi bizim xəbərimiz var. Bu, istər İrandan, istər digər yerlərdən gələn dairələrə bir xəbərdarlıqdır ki, bura yiyəsiz yer deyil.

- Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov da ikili mövqe sərgiləyir. Milli toponimlərimizi olduğu kimi yazdıqlarını iddia etdi, sonra isə Laçın dəhlizinə Azərbaycanın nəzarət edəcəyi ilə bağlı fikirlərini dəyişdi. Bu məsələlərlə bağlı gözləntiniz necədir?   

- Birincisi, toponim söhbəti bu və ya digər şəkildə qarşıdurmanın göstəricisidir. Toponimlərdən başqa digər ciddi məsələlər də var. O cümlədən Laçında Azərbaycan dövlət qurumlarının nəzarətinin qurulması... Bu məsələ qaçılmazdır. Yavaş-yavaş bu məsələ də öz həllini tapacaq. Laçın yoluna nəzarətdən başqa, sabah lazım gələcək ki, "Azəriqaz", "Azərişıq", "Azərsu" da sülhməramlıların olduğu bölgədə öz fəaliyyətinə başlasın. Şəbəkələr yenidən qurulmalı, onlar bizim şəbəkələrə qoşulmalıdır. Sayğacların quraşdırılmasından tutmuş, bank işlərinə qədər... Bizim əsas məqsədimiz ondan ibarətdir ki, sülhməramlılar gərək öz vəzifələrini yerinə yetirsinlər. Onların vəzifələri bu və ya digər dövlət qurumlarının təhlükəsiz fəaliyyətini və təhlükəsizliyini təmin etməkdir. Sadə dillə desək, sabah elə bir vəziyyət olmalıdır ki, məsələn, “Azərişıq” əməkdaşları hansısa işləri həyata keçirəndə onların yanında sülhməramlı keşik çəksin. Necə ki, ermənilər nəyisə becərəndə onlar bir post qoyurlar. Yəni qalan iki ildə onların fəaliyyəti məhz bu şəkildə dəyişməlidir. Nəyə görə mən əminəm ki, Rusiya buna gedəcək? Çünki əgər bu məsələdə o, bizə yardım göstərsə, onda Rusiya sülhməramlıların vaxtının uzadılması daha da real görünəcək. Yəni Azərbaycanın mövqeyi ondan ibarətdir ki, siz uzun müddətə qalmaq istəyirsiniz, amma qalıb nə edəcəksiniz? Bundan əvvəlki iki ildə olduğu kimi, ermənilərin nazı ilə oynayacaqsınızsa, onda bizə lazım deyilsiniz. Əgər praktiki baxımdan biz yox, siz təhlükəsizliyi təmin etsəniz, yəni bizə iradlar olmasın, o halda bəlkə onların qalması faydalı ola bilər. Hesab edirəm ki, Azərbaycan təxminən bu məntiqi onlara çatdırır. Bilirəm ki, buna aid müxtəlif fikirlər var. Amma insanlar deyirlər çıxsınlar, çıxmasınlar. Əlbəttə, mən başa düşürəm ki, çıxsaydılar, yaxşı olardı. Amma biz hər şeyi fikirləşməliyik, mənfilikləri və sairi. Əgər biz onları saxlamağa məcbur olsaq, o şəkildə saxlamalıyıq ki, bizim xeyrimizə bir fəaliyyət olsun.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top