Narkoticarətdə ittiham olunan adama necə bəraət verildi? — Günahkar polisdir, ya da məhkəmə...

TƏHLİL 09 dek 2022, 14:08
Narkotacirin evindən 10 kiloqram narkotik aşkar edilir, məhkəmənin qərarı ilə həbs edilir, çox keçməmiş başqa məhkəmə onu azad edir.

Azərbaycanda baş verən bu hadisənin heç bir məntiqi izahı yoxdur. Dünyanın istənilən yerində belə bir hadisə baş verərsə, nəinki cinayətkarı azad edən məhkəmə heyəti hakim qarşısına çıxarılar, eyni zamanda, ölkə bir-birinə dəyərdi. Bizdə isə heç nə olmamış kimi davranılır.

Təsəvvür edin ki, ortada dəlil olaraq polisin keçirdiyi əməliyyatın görüntülərinə qədər var, amma necə olursa, 10 kiloqrama yaxın narkotiklə tutulan şəxs bu gün hələ də azadlıqdadır.

Bir neçə il öncə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun evindən 10 kiloqram narkotik maddə aşkarlanmışdı. Əməliyyatın videoçəkilişi də aparılıb. Faktlar ortadadır və Lənkəran rayon Ağır Cinayətlər Məhkəməsinə çıxarılan narkotacir məhkəmin hökmü ilə 9 il azadlıqdan məhrum edilmişdi. Ədalətli qərar idi. Amma bir neçə aydan sonra isə Elşən Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə naməlum səbəbdən azadlığa buraxıldı.
 


Sual yaranır: narkotik maddələrin saxlanılması və satışı ilə məşğul olan cinayətkar hansı əsasla apellyasiya şikayəti verib? 

Hüquq-mühafizə orqanlarının şəxsin evindən 10 kiloqrama yaxın narkotik maddə aşkarladığı faktı ortada olduğu və birinci instansiya məhkəməsinin həmin şəxs haqqında 9 il həbs cəzası verdiyi halda Şirvan Apellyasiya Məhkəməsi hansı əsasla narkotaciri azadlığa buraxıb? 

Burada ya Azərbaycan polisi günahkardır, ya da məhkəmə. Şirvan Apellyasiya Məhkəməsinin qərarından belə nəticə çıxır ki, 10 kiloqram narkotik maddəni Elşən Məmmədovun evinə polis qoyub? 

Bu yanaşma absurd olardı, ən azından texniki baxımdan mümkün deyil, çünki söhbət külli miqdarda narkotik maddədən gedir. 

Bəs necə olur ki, Şirvan Apellyasiya Məhkəməsi məhkəmənin hökmü ilə cinayətkar elan edilən Elşən Məmmədovu azadlığa buraxır və bununla həm Azərbaycan polisini zərbə altına qoyur, həm də Azərbaycanın məhkəmə-hüquq sisteminə ləkə gətirir?!

Axı söhbət hansısa məişət hadisəsindən, yaxud anlaşılmazlıq nəticəsində baş vermiş cinayətdən getmir. Ortada külli miqdarda narkotik maddə var və bu maddə Elşən Məmmədovun evindən tapılıb. Əməliyyatın görüntülərində də hər şey detallı şəkildə əks olunur. 

Ümumiyyətlə, Azərbaycanda külli miqdarda narkotik maddə ilə həbs olunan şəxsin nəinki azad edilməsi, hətta apellyasiya şikayəti verməsi halı olmayıb. Heç dünyada da belə bir nümunə yoxdur. Amma 10 kiloqrama yaxın narkotiklə tutulan Elşən Məmmədov birinci instansiya məhkəməsinin qərarından narazı qalır, apellyasiya şikayəti verir və nə məsələdirsə, qəfil azadlığa çıxır. 

Bəs hüquq-mühafizə orqanlarının aşkarladığı 10 kiloqram narkotik maddəni necə edək, kimin ayağına yazaq?!



Dəhşətli hadisədir, həm insanlarımızı zəhərləyən narkotacirin sərbəst qalması və eyni əməllərinə davam etməsi baxımından, həm də Azərbaycanın məhkəmə-hüquq sisteminin adına silinməz ləkənin vurulması baxımından. 

Hətta, bu məsələ Azərbaycan Dövlət Televiziyasında da müzakirəyə çıxarılıb. AzTV-nin “Çıxışa doğru” proqramında müzakirələr zamanı Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu kimi halların cəmiyyətimizin inamına ciddi zərər vurduğunu deyirdi, bəzi məhkəmə instansiyalarını da kəskin tənqid edirdi:

“Bir hüquq-mühafizə orqanının həbs etdiyi məhkumu başqa bir hüquq-mühafizə orqanı kimdənsə rüşvət alaraq, azadlığa buraxır. Axı bu necə ola bilər? Əgər bir adam narkotacirlik edib, bizim minlərlə balamızı zəhərləyirsə, onu necə azadlığa buraxmaq olar? Bu, heç cür mümkün olan məsələ deyil. Belə hallar baş verəndə isə cəmiyyətimizdə inamsızlıq yaranır. Cəmiyyət də elə düşünür ki, narkotacirlərə ölüm yoxdur, heç kəs bunlara toxuna bilmir və s. Bu kimi hallar isə Azərbaycan cəmiyyətinə çox ciddi zərbə vurur, cəmiyyətdə inamsızlıq yaradır. Mən üzümü müvafiq orqanlara və şəxslərə tutaraq demək istəyirəm ki, görün nə qədər təhlükəli vəziyyət yaranıb, Daxili İşlər naziri cəmiyyəti, insanları narkomaniyaya qarşı mübarizəyə çağırır...”, - R.Zeyni həmin vaxt məsələni aktuallaşdırmışdı.
 


Lakin heç bir nəticə əldə olunmadı və narkotacir Elşən Məmmədov hələ də azadlıqda insanlarımızı zəhərləmək işinə davam edir.

Bu yaxınlarda İctimai Televiziyanın “Sabaha Saxlamayaq” verilişində narkomaniyaya qarşı mübarizə məsələsi müzakirə olunurdu. Həmin verilişdə qonaq qismində iştirak edən Rauf Zeyni Elşən Məmmədovun narkoticarətlə məşğul olduğu üçün məhkəmənin hökmü ilə 9 il həbs cəzası aldığı, qısa zamandan sonra isə apellyasiya məhkəməsinin qərarı ilə azad olunmasını gündəmə gətirdi, yenidən həyəcan təbili çaldı.

Bu, həm dövlət, həm də cəmiyyət üçün çalınan həyəcan təbilidir. Çünki Elşən Məmmədov kimi narkotacirlərin azadlıqda gəzməsi dövlət üçün də təhlükədir, cəmiyyət üçün də. 

Eyni zamanda, bu, Azərbaycanın məhkəmə-hüquq sistemi adına böyük biabırçılıqdır. Ümid edir və gözləyirik ki, narkotacirin necə azadlığa çıxdığı məsələsi yenidən araşdırılacaq və haqq-ədalət bərpa olunacaq.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top