“Rusiya sülhməramlıları öz mandatlarından başqa hər işlə məşğuldurlar” — Deputat

GÜNDƏM 06 dek 2022, 23:15
“10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Qarabağda olan erməni tör-töküntüləri rus sülhməramlıları ora yerləşdirilməklə, ərazilərimizdən çıxarmalı idilər.  İki il keçməsinə baxmayaraq, çox təəssüf ki, həmin Bəyanatın 4-cü bəndin icrası Ermənistan tərəfindən yubadılır. Onlar bu və ya digər formada gələcəkdə Ermənistan üçün müsbətə doğru ola biləcək bir məqamı gözləyirlər və təbii ki, burada da erməni separatçılarına dəstəyi rus sülhməramlıları verir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Rusiya sülhməramlıların əsas məqsədlərindən biri orada sülh yaratma prosesidir.



“Lakin rus sülhməramlıları 2 iI ərzində özlərinin mandatlarından başqa kənar işlərlə daha çox məşhurlaşıblar. Onlar orada erməni evlərinə odun daşıyırlar, humanitar işlərlə məşğuldurlar, heykəl açılışı edirlər, bina tikirlər, ermənilərin toy məclislərində əl-qol açıb oynayırlar. Yəni, sülhməramlılar orada öz mandatlarından kənar işlər görürlər, nəinki mandatlarına uyğun. Bu da azərbaycanlılarda bir narahatçılıq doğurur. Cənab Prezident də dəfələrlə rus sülhməramlıları ilə bağlı Vladimir Putinə iradlarını bildirmişdir və çıxışlarında qeyd etmişdir ki, onların fəaliyyətləri ilə bağlı narahatlıqlarımız var. Rusiya sülhməramlıları bunu dərhal düzəltməlidirlər! Təcili və təxirəsalınmaz halda oradakı erməni silahlılarını tərkisilah etməlidirlər! İkinci məsələ isə Laçın dəhlizindən keçən postlarda bütün avtomobillər dərin yoxlanılmalı, orada pasport rejiminə daha ciddi riayət edilməlidir, ərazilərimizə silahlı, şübhəli insanlar buraxılmalı deyil! Üçüncü məsələ isə Azərbaycan toponimləri ilə bağlı məsələlərdə çox diqqətli olmalı və Azərbaycan Konstitutsiyasına, qanunların uyğun  addımlar atmalıdırlar! Çünki unutmamalıdırlar ki, onlar Azərbaycan Respublikasının ərazisində xidmət keçirlər!”. 

Millət vəkili qeyd edib ki, həmin ərazidə Azərbaycan gömrükçülərinin olması da çox vacib məsələlərdən biridir. 

“Düşünürəm ki, bu məsələ də tez bir zamanda həllini tapmalıdır. Həmin ərazilərimizdə Azərbaycan gömrükçüləri, Azərbaycan sərhədçiləri olmalıdır. Çünki biz rus sülhməramlılardan hələlik istədiyimiz, arzuladığımız fəaliyyəti görə bilmirik, əksinə zaman keçdikcə bu narahatçılıqlar daha da artır. Qeyd edim ki, Azərbaycan bir çox hüquqları var ki, hələ ondan istifadə etmir. Azərbaycan istənilən vaxt öz ərazisində antiterror əməliyyatı keçirə bilər, Laçın dəhlizini bağlaya və orada istənilən yoxlanışları həyata keçirmək hüququna malikdir. Bunların hər biri Azərbaycan prezidentinin səlahiyyətlərinə daxildir. Lakin, hələlik bu hüquqlardan istifadə olunmur, çünki orada rus sülhməramlıları xidmət keçir və onlar üzərinə düşən hüquq və vəzifələri var. Onlar üzərinə düşən hüquq və vəzifələri layiqincə yerinə yetirməlidirlər! Bu gün Azərbaycan ictimaiyyətinin onlardan gözləntiləri bunlardır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top