“Rusiya istəyir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını güc yoluyla həyata keçirsin” — Ərəstun Oruclu

SİYASƏT 06 dek 2022, 15:53
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını birmənalı qəbul etmək olmaz”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq qeyd edib ki, ümumiyyətlə, bu məsələyə ehtiyatlı yanaşmaq lazımdır:

“Rusiya uzun müddətdir ki, Azərbaycanı Ermənistana qarşı hansısa addımlar atmağa, təhrik etməyə çalışır. Rusiya istəyir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını güc yoluyla həyata keçirsin. Xüsusilə, indiki dönəmdə, yəni Rusiyanın Cənubi Qafqazı öz nəzarətinə qaytarmaq istədiyi bir vaxtda belə bir əməliyyat bizim üçün çox riskli ola bilərdi. Dəhlizin açılmasını hamıya maraqlı olduğunu və hamının bunun istədiyini deməklə, Lavrov Azərbaycanı hansısa hərbi əməliyyata təhrik edə bilər. Belədə, bu, Ermənistana qarşı hərbi əməliyyatdır, çünki Zəngəzur dəhlizi Ermənistan ərazisidir. Həmin proses də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında Rusiyanın daha böyük güclə regiona daxil olmasına böyük rəvac verə bilər. Bu baxımdan, hesab edirəm ki, buna son dərəcə ehtiyatlı yanaşmaq lazımdır. Ümumiyyətlə, nəinki Rusiyanın, istənilən dövlətin siyasətində səmimiyyət anlayışı bir qədər qeyri-ciddi səslənir. Yəni, o mənada ki, siyasətdə və xüsusən də, dövlətlərarası münasibətlərdə səmimiyyət deyil, rasional yanaşma lazımdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top