“Azərbaycanla Ermənistan arasında ilin sonuna doğru sülhün imzalanması məsələsi real görünmür”

GÜNDƏM 03 dek 2022, 23:30
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında ilin sonuna doğru sülhün imzalanması məsələsi o qədər də real görünmür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Politoloq erməni tərəfinin destruktiv mövqelərlə çıxış etməsindən sonra ilin sonuna yaxın hansısa müqavilənin imzalanıb-imzalanmayacağı barədə səslənən ehtimallara münasibət bildirib.
T. İsmayılova görə, əslində bununla bağlı Azərbaycan tərəfindən ortada konkret iradə var idi:

“Cənab Prezident də bundan sonra dövlətlər arasında sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqaz regionunun dirçəlməsində mühüm vasitə hesab edirdi. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən sülhün sabotaj edilməsi üçün bütün addımlar atılır və bu müddət ərzində Ermənistanın provokasiyaları Azərbaycan-Ermənistan münasibətlərini çətin məcraya daxil edir.
Artıq demək olar ki, cəbhə bölgəsində vəziyyət hər gün gərginləşir və təkcə bu, Azərbaycan-Ermənistan sərhədində deyil, həmçinin, Qarabağın dağlıq hissəsində yerləşən qanunsuz erməni silahlı birləşmələri tərəfindən də Azərbaycan hərbçilərinə silah tuşlanır”.

Analitikin fikrincə, bütün bu amillər ilin sonuna qədər yekun sülh müqaviləsinin imzalanmasını bir az çətinləşdirir:

“Amma dekabrın 7-də Ermənistanın təxribatlarına və eyni zamanda Emmanuel Makronun provokasiyalarına görə, Brüsseldəki görüş baş tutmasa da, ilin sonuna qədər Azərbaycan-Ermənistan rəhbərləri arasında növbəti bir görüşün keçirilməsini ehtimal edirəm. Ola bilər ki, bu, Avropada keçirilsin, yaxud Rusiyanın moderatorluğu ilə yeni bir görüş baş tutsun. Lakin bütün vasitələr onu göstərir ki, Ermənistan yeni müharibəyə hazırlaşdırılır və təbii ki, yeni müharibə ritorikasının qızışdırılması və iki ölkə arasındakı münasibətlərin gələcəyini təhdid edən bəyanatların Ermənistandan səsləndirilməsi hələ sülhə uzun müddətin lazım olmağını göstərir. Gələn il isə hansısa bri irəliləyişə nail olunmaq üçün Ermənistan təxribatlardan əl çəkməlidir. Lakin biz görürük ki, Fransa və digər qüvvələr Ermənistanı təxribatlara yönləndirirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top