“Ermənistan Fransanın vədlərinə uymamalıdır” – Deputat

SİYASƏT 30 noy 2022, 12:22
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə dekabrın 7 - də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağının anonsunu dövlətimizin rəhbəri noyabrın 25 - də Bakıda ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət” təhlükəsizlik və iqtisadiyyat mövzusunda beynəlxalq konfransda vermişdi. Bildirmişdi ki, Ermənistan bu görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakını vacib hesab edir və görüşə qatılmaq fikrində deyildir.        
                     
Cənab İlham Əliyevin mövqeyi isə aydındır və o, Fransanın son aylarda Azərbaycana qarşı düşmənçilik meyllərini bir neçə dəfə gündəmə gətirərək Makronun Azərbaycan - Ermənistan danışıqlarında vasitəçiliyini tamamilə rədd etmişdir. Bu əlbəttə düzgün qərardır və Azərbaycanın milli maraqlarının ifadəsidir. Çünki Fransanın danışıqlara qoşulmaqda başlıca məqsədi ölmüş ATƏT - in Minsk qrupu formatını bərpa etmək, beləliklə bu formatda əvvəlki illərdə olduğu kimi Ermənistanı müdafiə etməkdir.           
                                                         
 Sözsüz ki, Ermənistan uzun illər ATƏT - in Minsk qrupunun fəaliyyətindən bəhrələnmiş, torpaqlarımızı işğal altında saxlamış, bu dövrdə saysız - hesabsız qətllər, təxribatlar törətmişdir. Minsk qrupu isə bütün hadisələrə laqeyd qalmış, əksinə təcavüzkarı dəstəkləmişdir. Bu sahədə Fransa və onun prezidenti Makron xüsusilə fərqlənmiş, anti Azərbaycan mövqeyi ilə seçilmişlər. Sonuncu dəfə - Praqa görüşündən sonra Makron tamamilə həddini aşmış, xalqımıza qarşı düşmən olduğunu açıqca nümayiş etdirmiş, Azərbaycana qarşı təhqiramiz, yalan və böhtan xarakterli ifadələr söyləmişdir.           
Belə olan halda Makronun Azərbaycan - Ermənistan danışıqlarına qoşulması heç cür mümkün ola bilməz və Azərbaycan Prezidenti də bunu qəti şəkildə bildirmişdir. Dövlətimizin rəhbəri ATƏT - in dəfn edildiyini, Makronun vasitəçiliyinin mümkün olmadığını bildirərkən dünyaya bir daha bəyan edir ki, Azərbaycanla diktə, təsir dili ilə danışmaq mümkün deyildir. Azərbaycan artıq kimin kim olduğunu bilir, reallıqları qiymətləndirir və gücünə inanmaqla qələbələrini təmin etməyə qadirdir. Biz gələcəyimizi müəyyən etmişik. Ermənistan öz taleyi barədə fikirləşməli, təsirlərə, yağlı dillərə uymamalı, sülhə gəlməlidir.
                                                                
Tahir Rzayev                                                                               
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top