“Mən Anara, Əkrəmə necə deyim ki, sakit olun...” — Baba Vəziroğlu

ƏDƏBİYYAT 24 noy 2022, 13:45
“Anar müəllim və Əkrəm müəllim bir yazıçı kimi mənim yeniyetməliyimin, cavanlığımın kumirləridir. Sonradan tale elə gətirib ki, hər ikisini şəxsən tanımışam. Amma aramızda böyük yaş fərqi olduğu üçün onlarla dostluq etməmişəm, ümumi məclislərdə, tədbirlərdə görüşmüşük, şəxsi yaxınlıq, dostluğumuzun olduğunu deyə bilmərəm. Bunun üçün gərək yaş çərçivəsi uyğun gəlsin. Hər ikisi ilə bir yerdə işləmişik.

Əkrəm müəllim Azərbaycan ədəbiyyatının gözəl çağlarında mənim ilk hekayələrimi, povestlərimi çap edib, ədəbiyyata yeni nəfəs gətirib. Onların arasında baş verənlər, yəqin ki, şəxsi münasibətdir. Mənim onların şəxsi münasibətlərinə qarışmağa səlahiyyətim yoxdur. Tay-tuş deyilik ki, birinə deyim, “sən sakit ol”, o birisinə deyim “bunu düz demirsən...””

Bu sözləri Pravda.az-a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və yazıçı Əkrəm Əylisli arasında davam edən qalmaqaldan danışarkən deyib.

“Onlar vaxtilə dost olublar, aralarından su keçməyib. Sonradan birdən-birə nə oldu, bunu deyə bilmərəm. Belə bir söz var, deyirlər, “mütləq həqiqət yoxdur”. Hər kəsin öz həqiqəti var. Yəqin ki, Anar müəllim özünə görə inciməyində, küsməyində haqlıdır, Əkrəm müəllimin də öz prinsipi, öz həqiqəti var və Anar müəllimlə söz savaşına çıxıb. Axı həmişə savaşı kimin birinci başlaması mübahisə doğurur. Bu məsələdə də heç vaxt demək olmaz ki, mücadilənin əsasını kim qoyub, kim birinci başlayıb. Hər ikisi Azərbaycan ədəbiyyatının sütunları, müasir ədəbiyyatımızın dayaqlarıdır. Başqa nə deyə bilərəm? Gün gələcək, bütün bu söz-söhbətlərin hamısı yaddan çıxacaq. Gələcək nəsillər heç bilməyəcək ki, Anar müəllimlə Əkrəm müəllim arasında söz savaşı olub, böyük məhəbbətlə həm Anar müəllimin, həm də Əkrəm müəllimin əsərlərini oxuyacaq, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfələr vermiş bir şəxsiyyət kimi onları sevəcəklər. Hər ikisi böyük bir yolun - ədəbiyyat və əbədiyyət yolunun yolçularıdır və bu yolda birgə addımlayırlar. Əbədiyyət yolçularının arasında, yəqin ki, xırda münaqişələr, narazılıqlar ola bilər...”, - Baba Vəziroğlu bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top