“Allah Əkrəmə insaf, bizə də səbr versin” — Anar Əkrəm Əylislini niyə danos yazmaqda suçladı...

ƏDƏBİYYAT 23 noy 2022, 09:39
Xalq yazıçısı, AYB sədri Anar son dövrlər onun adı ətrafında cərəyan edən hadisələrlə bağlı məqalə yazıb.  “Yeni Müsavat” onun yazısını təqdim edir.

Əkrəm Əylisli: "1987-ci ildə Yazıçılar İttifaqının Plenumunda kadr məsələsinə baxılırdı. O zaman KQB-nin sədri Vaqif Hüseynov idi və Anar da bilavasitə onun namizədi idi. Anarın Yazıçılar Birliyinin sədri olmasını o tələb etmişdi".

 "Reytinq» qəzeti, 13 avqust 2006

Ay Əkrəm! Danos verəndə heç olmasa bir tarixləri də nəzərdə tut da.

Yazıçılar İttifaqının 1987-ci il 18 iyun Plenumunda mənim rəhbərliyə namizədliyimi doğrudan da ilk olaraq Əkrəm Əylisli irəli sürdü. İndi heç olmasa özü özü üçün müəyyənşləşdirsin kimin tapşırığını yerinə yetirirmiş: Həsən Həsənovun ya Vaqif Hüseynovun? Bu bir. İkincisi, həmin plenum zamanı Vaqif Hüseynov heç Bakıda da deyildi, Moskvada başqa vəzifədə idi. DTK sədri isə Yazıçıların 1987-ci il Plenumundan iki il sonra 1989-cu ildə oldu. Bəlkə Əkrəm Vaqif Hüseynovun gələcəkdə DTK sədri olacağını əvvəlcədən bildiyi üçün onun Moskvadan verdiyi göstərişə əməl eləyib. Əkrəmə məsləhət edərdim ki, iftiralarının birinin üstündə qəti dayansın, onu yazıb saxlasın, yeni yalan uyduranda əvvəlkinə bir nəzər atsın. Zarafat bir yana qalsın, Ə.Əylisli, görəsən, özü dərk edirmi ki, bu yalan versiyaları ilə ilk növbədə özü-özünü rüsvay edir.

 1987-ci ildə ölkədə vəziyyət elə dəyişmişdi ki, partiya orqanları yazıçıların seçiminə birbaşa müdaxilə edə bilmirdilər. Əkrəmin sözlərindən belə çıxır ki, mənim namizədliyimi öz iradəsi ilə deyil, müti buyruq qulu təkin kimlərinsə tapşırığıyla irəli sürüb. Üstəlik, plenumda mənim namizədliyimi dəstəkləyənləri də aşağılayır, guya onlar da məni öz iradələri ilə deyil, tapşırıqla dəstəkləyiblər. Heyif ki, onların demək olar hamısı rəhmətə gedib, yoxsa bu iyrənc böhtana özləri cavab verərdi.

 Ə.Əylislinin illər boyu çeşidli versiyalarla ortaya atdığı yalanlar dəfələrlə real faktlarla təkzib edilibsə də, bir daha bu məsələyə qayıtmağa, olanları olduğu kimi təqdim etməyə məcburam. Qoy bu məsələlərdən bixəbər olanlara, özəlliklə yeni nəsillərə bir ibrət dərsi olsun.

 Plenum ərəfəsində Həsən Həsənov məni yanına çağırdı, İsmayıl müəllim vəzifəsindən getməsini israrla təkid edir, dedi. - Əgər plenum buna razılıq versə, sənin namizədliyin məsələsi qalxsa, bunu kim təklif edə bilər? Əkrəmin təmənnalı və saxta dostluğunun səmimiyyətinə o vaxt uşaq sadəlövhlüyü ilə inandığım üçün bir an da düşünmədən: - Əkrəm Əylisli - dedim.

Həsən müəllim dərhal Əkrəmə zəng elədi, mənə dediklərini təkrar etdi: - İsmayıl müəllim istefasında israrla təkid edir. Ərizəsi qəbul olunsa, səncə, birliyə kim rəhbər ola bilər? Əkrəm də dərhal: Ancaq Anar, - dedi və Əylisdə tikdirdiyi ev üçün bir maşın daş göndərilməsini xahiş etdi.

 Həsən müəllim gülüb:  -  Əşşi bu asan işdir - dedi. - Məsələ bu cür qoyulsa, təklifini ver.

 Bir məsələyə diqqət çəkmək istəyirəm. Gizlətmirəm ki, İsmayıl Şıxlı istefasında israr edərsə, Mərkəzi Komitə onun yerinə məhz mənim seçilməyimi istəyirdi, amma o vaxtki duruma görə işə bilavasitə qarışa bilməzdi. Həsən Həsənov da Əkrəmə “Anarın namizədliyini irəli sür” demədi, ancaq onun rəyini soruşdu. Əkrəm Əylisli də öz iradəsi, öz seçimi ilə, könüllü şəkildə mənim adımı çəkdi (kim bilir bu vaxt könlündə nə varmış) Hər halda, hadisə məhz belə olmuşdu.

Plenumdan qabaq rəyasət heyətinin iclasında mən İsmayıl müəllimin istefa ərizəsini geri götürməsini, qalib işləməsini təklif etdim, plenumda çıxış etməsələr də Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi Ramiz Mehdiyev və mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə iştirak edirdilər.

Plenumun işi haqqında dəqiq və dürüst məlumat vermək üçün stenoqramdan mənə aid parçaları olduğu kimi gətirirəm.

Əkrəm Əylisli: Yoldaşlar! Mənə elə gəlir ki, Yazıçılar İttifaqının işi barəsində ətraflı danışmaq lazımdır. Yazıçılar Birliyində əsaslı dönüş yaratmalıyıq. Bu əsaslı dönüşdə birinci katibdən çox şey asılıdır. Yazıçılar İttifaqında təcrübəli adamlar, istedadlı yoldaşlar vardır. İsmayıl Şıxlı yoldaş burada çox əsəbiləşir, yorulur. Mənə elə gəlir ki, orta nəsil bu işin öhdəsindən gələ bilər. Bu işin öhdəsindən gələn adam vardır. Mən də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu yoldaş Anardır. Bu adam Azərbaycan mədəniyyətinin kökünü bilir. Çox savadlı, təcrübəli yoldaşdır. Bundan başqa, sovet ədəbiyyatını, dünya ədəbiyyatını gözəl bilir. Azərbaycan və rus dillələrini mükəmməl bilir. Mən bugünkü plenumda belə bir təklif irəli sürürəm, Anar çox istiqanlı, əvvəl də qeyd etdiyim kimi, çox istedadlı adamdı. Mən yenə də qeyd edirəm ki, Anar birinci katib seçilsin, mənim fikrim belədir. Bu qədər.

Mövlud Süleymanlı: Bütün bu ab-havanı dağıtmaq üçün sağlam, çevik və ittifaq səviyyəsinə çıxara biləcək bir adam təklif edirəm, o adam Anardır.

Qabil: Anar burada, mən ciddi deyirəm, 10 gün də davam etməz.

 Sabir Azəri: İsmayıl Şıxlı yoldaş gedir, belə deyirlər ki, Anar birinci katib olsun. Mən burada açıq deyirəm ki, Anar da burada heç bir şey etməyəcəkdir.

 Tofiq Bayram: Mən bizim ədəbiyyatımızın vicdanlı, ən obyektiv istedadlı nümayəndərindən biri Anarın Yazıçılar İttifaqının katibi vəzifəsinə seçilməsini təklif etmək istəyirəm. Onda təzə qüvvələr vardır, yeni fikirlər vardır. Yazıçılar İttifaqında bu ab-havanı dəyişə bilər. Anar müəllim öz vicdanının əleyhinə getməz. Mən Anarın Yazıçılar İttifaqının katibi olmasını istəyirəm.

 İsi Məlikzadə: Əgər İsmayıl müəllim qalsa, yenə bu çətinliklərə rast gələcəkdir. Yenə də İsmayıl müəllim ərizə verəcəkdir. Mən Anarın namizədliyini irəli sürən adamların təklifləri ilə razılaşıram. Ən layiqli adam Anardır. O, bizim Yazıçılar İttifaqının Birinci katibi seçilsin.

İsa İsmayılzadə: Bizə Anar kimi ziyalı lazımdır. Onu bu işə cəlb etmək lazımdır. Anar öz sinəsini qabağa verəcək, nə cür lazımdır elə də işləyəcəkdir. Anar kimi rəhbər bizə lazımdır. Mən də burada təklif edirəm ki, Anar seçilsin. Bu adam bizim ən gözəl ziyalımızdır. Bu qədər.

Nurəddin Babayev: İsmayıl Şıxlı yoldaş öz xoşuna gedir. Anar isə ən layiqli yoldaşdır. Bu adama da heç bir söz ola bilməz.

Xəlil Rza: Mən İsmayıl Şıxlının bu hərəkətini mənəvi qəhrəmanlıq hesab edirəm. Kaş həyatımızın bütün sahələrində belə qəhrəmanlarımız olsun. Deməliyəm ki, Anarın vəziyyəti heç də yaxşı deyil. Çünki Azərbaycan ədəbiyyatının vəziyyəti olduqca ağırdır. Azərbaycan ədəbiyyatının çiçəklənməsi üçün imkan yoxdur. "Ədəbiyyat qəzeti" şeirdən qorxan ən böyük orqandır. Bizdə şeirdən qorxmayan Sabir Rüstəmxanlı yoldaşdır, bir də Yusif Səmədoğlu. Ona görə də biz Anara köməklik etməliyik.

İsmayıl Şıxlı: Yoldaşlar, demək istəyirəm ki, əvvəla, mən ərizə vermişəm, mən yenə də öz ərizəmin yerinə yetirilməsini xahiş edirəm. Mərkəzi Komitəyə də böyük razılığımı bildirmək istəyirəm ki, mənim xahişimi nəzərə aldı. Rəyasət heyətinin üzvlərinə də minnətdarlığımı bildirmək istəyirəm ki, onlar mənim qalıb işləməyimi təklif etdilər. Ona görə də vəziyyəti özüm üçün bir daha dəqiqləşdirmək istəyirəm. Yenə də təkrar edirəm ki, bu vəziyyətdə Yazıçılar İttifaqında işləmək qeyri-mümkündür. İndi isə 2 qat, 3 qat işləmək çətin olacaqdır. Mən 70 yaşa gəlmişəm. Heç kəsə yumruq göstərməmişəm. Göstərə bilən adam da deyiləm, olmayacağam da. Mənim təbiətim belədir. Mən bunu ona görə demək istəyirəm ki, mənim varisim olan adam qoy bu vəziyyəti görsün ki, nə kimi çətinliklər var. Mən vəziyyəti başa düşürəm. Anar daha canlı və daha enerjili adamdır. Ədəbiyyatımıza köməklik edən adamlar lazımdır. Xahiş edirəm ki, mənim ərizəm təsdiq edilsin.

 Elçin: Bir təklif vermək istəyirəm. Burada bütün müzakirələrə qulaq asdıq, İsmayıl Şıxlı yoldaş təklif verdi ki, məni azad edin. Anarı isə səsə qoyaq.

Ramiz Mehdiyev: (İclası o aparırdı)  Başqa təkliflər yoxdur ki? Təklif edirəm ki, Anarın birinci katib seçilməsinə kim tərəfdardırsa, xahiş edirəm səs versin. Kim əleyhinədir? Yoxdur. (alqışlar) Beləliklə, Anar Azərbaycan SSR Yazıçılar İttifaqının Birinci katibi seçilir. Söz indi Anarındır.

ANAR: Əziz yoddaşlar! Bu gün mən çox həyəcanlıyam. Ona görə ki, mənə böyük etimad göstərdiniz. Məni Yazıçılar İttiifaqının Birinci katibi kimi şərəfli bir işə seçdiniz. Mən burada söz verirəm ki, nə qədər qüvvəm var, əlimdən gələni edəcəm. Burada mən bir təklif vermək istəyirəm. İsmayıl müəllimin xidmətləri minnətdarlıqla qeyd olunsun, İsmayıl Şıxlı yoldaşa çox böyük hörmət edirəm. Ona görə yox ki, o, öz vəzifəsini mənə verdi. İsmayıl müəllim çox nəcib bir insandır. (alqışlar)

Vəssəlam. Hadisə bax belə olmuşdu.

İsmayıl müəllimlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz sonralar da davam etdi. Rəfibəyli babalarım haqqında da bəhs etdiyi "Ölən dünyam" povestinin əlyazmasını mənə göndərmişdi. Əsəri çox yüksək qiymətləndirərək, İsmayıl müəllimə məktub yazdım və məktubumu qəzetdə dərc etdim. Qazaxda və Bakıda İsmayıl müəllimin sağlığında və vəfatından sonra keçirilən bütün yubileylərində çıxış etmişəm. İsmayıl Şıxlı haqqında «Doqquzuncu portret» adlı yazı yazdım.

IX Qurultayımızda Əkrəmin mənə qarşı gözlənilməz namərd hərəkətindən sonra və demə əvvəlcədən razılaşdırdıqları kimi mənə qarşı təxribatçı çıxış zamanı Abbas Zamanov ayağa qalxıb natiqin sözünü kəsdi və "təklif edirəm burada Anara qarşı belə təhqiramiz çıxışlar edilməsin" dedi. Yusif Səmədoğlu mənim sədr seçilməyimi təklif etdi və ilk olaraq o və İsmayıl Şıxlı mandatlarını qaldırdılar. Bundan sonra bütün nümayəndələr (o cümlədən Əkrəm Əylisli də) lehimə səs verdilər.

 Bu qurultayda Yazıçılar Birliyinin Ağsaqqallar Şurasını yaratdıq və mənim təklifimlə bu şuranın ilk sədri İsmayıl Şıxlı oldu.

 Təəssüf ki, müəyyən illərdə İsmayıl Şıxlının birinci katib vəzifəsindən getməsi ilə bağlı möhtəkirlik edən aravuranlar tapıldı. Bu çirkin təşəbbüslərə ən layiqli cavabı qeyrətli kişinin qeyrətli oğlu Elçin Şıxlı verdi:

 «1987-ci ildə növbəti dəfə sədr seçiləndən heç bir il keçməmiş, o, istefa haqqında ərizə yazaraq Yazıçılar Birliyinin Plenumunu çağırdı. Yəni istefası qəbul edilməsə belə işdən gedəcəkdi. Elə həmin plenumda İsmayıl Şıxlı Anarın Yazıçılar Birliyinə sədrliyinin namizədliyni irəli sürüb».

 «Azadlıq» qəzeti 19 mart 2004

Şərhə ehtiyac varmı? Elçin Şıxlı davam edir:

«Özünü yazıçı, şair adlandıran bəzi adamlar deyirlər ki, əgər Anar və Əkrəm Əylisli atamı Yazıçılar Birliyinin sədrliyindən devirdiklərini etiraf etməsələr və yaxud bunun necə baş verdiyini izah etməsələr, bu məsələni özləri ifşa edəcəklər. Bunlar hamısı yalandır, İsmayıl Şıxlını devirməyiblər və devirə də bilməzdilər. Mən istəməzdim ki, atamın adından kimlərsə öz məqsədləri üçün möhtəkirlik etsin. Əgər bundan sonra da kimsə bu cür möhtəkirlik etsə, çalışacam ki, buna son qoymaq üçün həmin adamların ağzını yumum».

«Azadlıq» qəzeti,

19 mart 2004

 Qəribədir ki, bu barədə möhtəkirlik edənlərin biri də elə Əkrəmin özü idi və atdığı iftiralar bumeranq kimi öz üstünə qayıtdı.

Bu mərd mövqeyinə görə Elçin Şıxlıya bir daha minnətdarlığımı bildirirəm.

Yazımın sonunda bir söz demək istərdim. Kin, nifrət, həsəd ilk növbədə bu hissləri yaşayanların ömrünü çürüdür. Ən böyük biclik - düzlükdür. Həqiqət həmişə hikkədən güclüdür.

Bu il dekabr ayında Əkrəm Əylislinin 85 yaşı tamam olur. 44 günlük Zəfər savaşımızdan sonra Azərbaycan Ermənistana sülh təklif etdiyi kimi mən də Əkrəmlə nə şəkildəsə ünsiyyət qurmaq, yubileyi ilə bağlı fikir mübadiləsi etmək istəyirdim. Əkrəm bunu "mələk masqası" sayır saysın, mənim BİR sifətim var, pandemiya dövründən başqa masqa-filan da taxmıram. Bəlkə bu mənim zəifliyimdir, amma heç kəsin, özəlliklə haçansa çörək kəsdiyim adamın təklənməsinin, pisikdirilməsinin əleyhinəyəm. Amma qurultayın nəticələrindən başqa heç bir səbəb olmadan Əkrəm bəyanatları ilə bütün körpüləri yandırdı. Əgər Robinzon kimi adada tək qalmaq istəyirsə öz seçimidir.

 Allah Əkrəmə insaf, bizə də səbr versin.

 A N A R

 13-15 noyar 2022

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top