“Elşən Məmmədov kimi şəxslərin cəmiyyətdə azad gəzməsi düzgün deyil” — Hüquqşünas

GÜNDƏM 21 noyabr 2022, 21:21
“Mediada Elşən Məmmədovun evindən külli miqdarda narkotik vasitələrinin tapılması ilə bağlı informasiyalar var. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilən Elşən Məmmədov bir neçə aydan sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb və məhkəmə onu təqsirli bilməyib. Yəni, bütün bu problem Azərbaycanda məhkəmə sisteminə etimadın olmaması ilə bağlıdır. Məhkəmə onun əməllərində cinayət tərkibi tapmayıb, yəni onun əməlini sübut edə bilməyib. Hər kəsin təqsirsizlik funksiyası var, yəni ona sübut etməlidirlər ki, sən cinayətkarsan. Onun evində də nəyinsə tapılması, hələ sübut deyil. Ola bilər ki, onun evinə kimsə atıb, bunu istisna da etmək olmaz. Amma, bu halda müəyyən olunmalıdır ki, onu kim edib”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda məhkəmələrin vəziyyəti bərbaddır. 


“Azərbaycanda qanunun aliliyinin vəziyyəti bərbaddır. Yəni, korrupsiya tüğyan edir. Kimin pulu çoxdursa, o prinsipcə istədiyi məsələni istədiyi kimi məhkəmələrdə həll edə bilir. Yüz faiz heç vaxt demək olmaz ki, bu adam cinayətkardır, ya deyil. Bunun buraxılması düzdür, ya düz deyil. Çünki o faktları mən görmürəm.  Mən onlara necə qiymət verim? Biz indi etimaddan danışırıq. Mən bir vəkil kimi bilirəm ki, Azərbaycanda cinayət işləri üzrə məhkəmənin bəraət verməsi, yəni şəxsi təqsirsiz bilməsi 99 faiz hallarda bu korrupsiyanın nəticəsidir. Yəni, məhkəmə, prokurorluq birgə bunu həll edirlər. Pul alırlar, tapşırıq olur, yəni elə-belə buraxmırlar. Bəzi mətbuatda, sosial şəbəkələrdə görürsünüz ki, vəkillər bağırıırlar: “bəraət aldım, bəraət aldım müdafiə etdiyim şəxsə”. Bir faiz ola bilər ki, doğru bəraətlər var. Amma 99 faiz hallarda bu korrupsiya ilə həll olunan bir şeydir. Bunu da hamı bilir. Yəni, Azərbaycanda hüquq ictimaiyyəti bilir ki, elə-belə olmur. Bu nöqteyi-nəzərdən də sizin dediyiniz problem bu həmin etimad məsələsidir. Biz məhkəmələrimizə etimad etmirik. Bilmirik orada həqiqətən də nə olub. Yəni, normal hüquqi dövlət olsaydı, deyərdik ki, qanunun aliliyi var və ola bilər. Mən bu adamı tanımıram. Amma, həmin şəxsin cinayət əməli ilə bağlı söz-söhbət varsa, faktlar varsa, hamı deyirsə ki, bu adam bu işlə məşğuldur, demək ki, onun bu qanunsuz əməlində çoxları xəbərdardır. Bəlkə də, şərləyirlər, bunun da istisna etməyək. Hər kəsin təqsirzilik funksiyası var. Əgər bunun bu işlərlə məşğul olduğu bəllidirsə, prinsipcə prokurorluq bu hallarda Apellyasiya Məhkəməsinin həmin şəxsin azadlığa buraxılması hökmünə dair proses verməlidir, etiraz etməlidir. Məsələyə Ali Məhkəmə qiymət verməlidir. Məsələni həm də ictimai nəzarətdə saxlamaq lazımdır. Belə cinayət əməli ilə məşğul olan  şəxslərin cəmiyyətdə azad gəzməsi düzgün deyil”.  

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top