“Rusiya özünün hazırladığı sənədi ideal variant olaraq imzalatmağa cəhd edir”

SİYASƏT 18 noyabr 2022, 17:26
“Rusiya Qarabağda münaqişə tərəflərini ortaq məxrəcə gətirərək özünün hazırladığı sənədi ideal variant olaraq imzalatmağa cəhd edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. Onun sözlərinə görə, burada isə bir sıra məqsədlər var. 

“Əsas məqsəd heç kimə sirr deyil ki, Rusiya sülhməramlı qüvvələrini gələcəkdə hərbi bazaya çevirmək niyyətini güdür. Rusiyanın təklif etdiyi “sülh sazişi“ əslində 10 noyabr bəyannaməsinə ziddir. Üçtərəfli razılaşmanın tətbiq oluması və həyata keçirilməsi üçün Rusiya 5 il müddətində öhdəlik götürsə də, indiyə qədər sülhün təminatı üçün heç bir iş görülməmişdir. İlk növbədə Qarabağ iqtisadi rayonu ərazisindən qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsi və ya Azərbaycandan çıxarılması təmin edilməyib. Qarabağda qalıb yaşamaq istəyən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində heç bir iş aparılmayıb. Üstəlik separatçı rejimi dəstəkləmək üçün Xankəndiyə erməni əsilli Rusiya vətəndaşını emissar qismində göndərərək onu yüksək dövlət vəzifəsinə təyin etdirir. “Sülh sazişi” kimi təqdim olunan sənədin 15 –ci bəndin Yerevanda Rusiya XİN nümayəndəsi İqor Xovayevlə müzakirəsi əhəmiyyətsiz cəhddir. Azərbaycan tərəfi heç vaxt indiki şərtlər daxilində nə rus sülhməramlıların bölgədə qalma müddətinin artlırılmasına, nə də Qarabağda yaşayan ermənilər üçün gələcəkdə hər hansı bir formada özünüidarəetmə statusunun verilməsinə razılaşmayacaq. Heç olmasa, Rusiya sülhməramlılarının daha bir il qalmasına razılıq vermək, o zaman olardı ki, 10 noyabr razılaşmasının əsas bəndləri, xüsusən 4 bəndin icrasına başladılardı. Belə olan şəraitdə 10 noyabr bəyannaməsinə zidd olan heç bir sənədin imzalanması mümkün deyildir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top