Deputat: “İnanıram ki, Anar Kərimov korrupsiyaya əl atmaz”

DAXİLİ SİYASƏT 18 noy 2022, 10:01
Aqil Abbas: ""Yəqin ki, "gözü çıxan qardaş"lardan ibrət götürüb, bundan sonra korrupsiyaya yol verməzlər"

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək həvalə edilib. Aydındır ki, bu fərman son illər bu strukturda korrupsiya hallarının artmasının qarşısını almağa yönəlib. Bəs nə dəyişəcək?

Mövzu ilə bağlı Milli Məclisin mədəniyyət komitəsinin üzvü Aqil Abbas "Yeni Müsavat"a danışıb:

“Prezident mədəniyyət nazirinə inanıb, həmin səlahiyyətləri həvalə edib. Məlum olduğu kimi, bir müddət əvvəl nazirlikdə korrupsiya ilə mübarizə işləri aparıldı, saxlanılanlar, işdən çıxarılanlar var. Yəqin ki, "gözü çıxan qardaş"lardan ibrət götürüb, bundan sonra korrupsiyaya yol verməzlər.

Şəxsən mən gənc kadr olan Anar Kərimova inanıram. Doğrudur, onunla nə dostluğum, nə də “salaməleyküm” var, lakin inanıram ki, o, korrupsiyaya əl atmaz. Gərək müavini də bu cür işlərə əl atmazdı. İndi edib və buna görə də vəzifəsindən getdi. Fikirləşmirlər ki, neqativ işlərin sonu yoxdur. Amma indi fikirləşməyin vaxtıdır".

Aqil Abbas bundan sonra xüsusən də kino sahəsində müsbətyönümlü dəyişikliklərin olacağına inandığını dedi: “Dünyada ən vacib addımlardan biri sanballı kino çəkməkdir. Kino bəzən siyasətçilərin illərlə edə bilmədiyini 1 saata edə bilir. Məsələn, tutaq ki, bir roman yazarsan, onu uzaqbaşı 100 min nəfər oxuyar. Amma bir maraqlı kinonu yüz milyonlarla insan izləyə bilər. Ona görə də kinoya maliyyənin və diqqətin daha çox ayrılmasını istəyirəm. Daha bir məsələ, kinoya təkcə dövlət deyil, hamı yardım etməlidir. Azərbaycanda xeyli sayda şirkətlər, imkanlı şəxslər var, lazımdır ki, onlar da öz kömək əllərini uzatsın.

Baxırsan ki, kinoya 1-1,5 milyon manat vəsait ayrılır. Axı həmin pula yaxşı kino çəkmək mümkün deyil. Dəfələrlə Milli Məclisdə də kinoya ayrılan məvacibin artırılması ilə bağlı məsələni qaldırmışıq.

Bir daha qeyd edirəm, kinonun auditoriyası çox böyükdür. Hər kəsə məlumdur ki, sovet hökumətini Hollivudda çəkilən filmlər yıxdı. Görün, indi kinonun qüdrəti nədir. Ona görə də kinonu inkişaf etdirməliyik".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top