İran casuslarının Azərbaycanda əsas hədəfləri - hərbi hissələrin şəxsi heyəti, ünvanı, dəniz təlimləri…

SİYASƏT 16 noy 2022, 10:48
Elşən Həsənov: “Bunu dövlətimizə qarşı düşmən niyyət kimi dəyərləndirə bilərik”

İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Bu  barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Başqa bir araşdırma ilə müəyyən edilib  ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Yayılan rəsmi məlumatdan görünür ki, İran daha çox ölkəmizdəki hərbi hissələr, onları yerləşdiyi ərazi, şəxsi heyəti, dənizdəki hərbi təlimlər barədə məlumatlar əldə etməyə çalışıb. Bunun özü İranın ölkəmizə qarşı daim düşmən mövqedə olduğuna əsaslı dəlil sayıla bilərmi?

Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  İran İslam Respublikasının Azərbaycan Respublikasına  münasibəti onun son dövrlərdə   Azərbaycana qarşı atdığı addımlarda  özünü daha açıq şəkildə əks etdirir: “Əgər bu vaxta qədər İran öz siyasətini “qardaşlıq”, ”dostluq” kimi qulağa xoş gələn və səmimiyyətdən xeyli dərəcədə uzaq  olan sözlərlə ört-basdır edə bilirdisə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş  ərazilərini azad etməsi yolunda apardığı 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə bu ritoika artıq dəyişib və açıq şəkildə özündə düşmənçilik mövqeyini göstərməkdədir.

Müstəqillik qazandığımız ilk günlərdən,  müstəqil dövlət olaraq Azərbaycan Respublikasının varlığı faktının özü sonradan İran adlandırılan dövlət üçün bir nömrəli problem olaraq qalmaqdadır. Problemin  mahiyyətinin ikiyə  bölünmüş Azərbaycan və  ondan doğan  məsələlərlə bağlılığı bəlli olduğundan, bunun üzərində dayanmaq istəməzdim. Sadəcə, ikiyə bölünmüş, xalqın birləşmək uğrunda apardığı mübarizənin sonradan İran üçün hansı nəticələrə səbəb olacağını qeyd etmək kifayətdir. Bu  da, təbii ki, İranı əndişləndirməyə bilməz.

Prosesin qarşısının alınmasından ötrü İranın əl ata biləcəyi bir neçə yol var:

1.Ermənistan - Azərbaycan münaqişəsindən istifadə edərək və bundan yararlanaraq baş verənlərdən Azərbaycana qarşı təzyiq vasitəsi  kimi istifadə etmək;

2.Azərbaycanın Rusiyanın təsir dairəsindən çıxmasını əngəlləmək.

Yuxarıda sadaladığım  iki təsir mexanizmi alınmazsa o zaman İranın daha radikal addımlar atacağı şübhəsizdir və bu özünü aşağıdakı şəkildə göstərə bilər:

1.İranın Azərbaycan daxilində yaratdığı casus şəbəkəsindən istifadə edərək dövlət və ya hakimiyyət çevrilişinə gətirib çıxara biləcək addımlar atmaq və Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğuna son qoymaq;

2. Müstəqil Azərbaycan Respublikası  ərazilərini müharibə yolu ilə işğal etmək.

Hadisələrin inkişafına nəzər salsaq,  Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində ilk sadaladığım iki bənd üzrə istəklərinə nail ola bilməyən İran sonrakı iki bənd üzrə hərəkət etməkdə qərarlıdır - ölkə daxilində qarışıqlıq yaratmaq və təlim adı altında sərhədlərimizə qoşun yığaraq ərazi bütövlyümüzü təhdid etmək”.

Elşən Həsənov hesab edir ki,  Dövlət Təhlükəsizliyi Xidmətinin son günlər ərzində həyata keçirdiyi əməliyyat zamanı İranın Azərbaycanda fəaliyyət göstərən casus şəbəkəsinin ifşa edilərək zərərsizləşdirilməsi dediklərinə  birbaşa sübutdur: “ Məhz hərbi kəşfiyyat xarakterli məlumatların toplanılaraq İranın xüsusi xidmət orqanlarına ötürən bu dəstənin fəaliyyəti, İranın Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu da açıq şəkildə nümayiş etdirir ki, bunu da yalnız dövlətimizə qarşı düşmən niyyət kimi dəyərləndirə bilərik.

Toplanmış hərbi kəşfiyyat xarakterli məlumatların sonradan Ermənistana ötürülməsi və bundan Azərbaycana qarşı istifadə məsələsi isə başqa bir söhbətin mövzusudur ki, bu da İranın əsl simasını aydın şəkildə təcəssüm etdirir”.

Məhəmmədəli QƏRİBLİ
Bakı xəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top