“Ən əsas münaqişələr intim münasibətlərinə görə baş verir” — Sabiq polis rəisi

SOSİAL 15 noy 2022, 23:25
“Son zamanlar ailədaxili cinayətlərin statistikasının artması cəmiyyət üçün pis haldır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev deyib.

Onun fikrincə, texnologiyanın sürətli inkişafı cinayətkarlığa qarşı mübarizəni asanlaşdırsa da, cinayətlərin sayının artmasına təsir edib:

“Ailədaxili cinayətlərinin statistikasının artmasının müxtəlif səbəbləri ola bilər. Yəni, buna bir aspektdən yanaşmaq düzgün deyil. Ən əsas münaqişələr intim münasibətlərinə görə baş verir, yəni kimsə kimdənsə şübhələnir, xəyanət etdiyini düşünür. Məsələn, kişi qadına deyir ki, səndən şübhələnirəm, kiməsə mesaj yazırsan və ya şəkil yollayırsan. Yəni, bu cinayət tərkibini yaradan əməllərdən, cinayətin motivlərindən biridir. Nəyə görə baş verib, baş verməyə bilərdimi? Cinayətin motivi müxtəlif ola bilər. Görürsən ki, qısqanclıq motivində cinayət baş verir. Yaxud da, ər hardasa axır vaxtlar narkotikaya qurşanıb, emosionaldır, öz iradəsini cilovlaya bilmir, təmkinli deyil, səbrli deyil, psixoloji durumu normal deyil. Yəni, bütün bunlar cinayətə təsir edən amillərdir. 

Ümumiyyətlə, son vaxtlar texnologiyanın inkişafı ailə münaqişələrinə təsir edən amillər sırasında öndə durur. Kimsə mənimlə razı olmaya da bilər, amma, bu mənim subyektiv fikrimdir.  Baş verən cinayətlərin son 10 ilini götürsək, belə şeylər çox olub. Əlbəttə, hamı istəyərdi ki, bu cür qətllərin sayı azalsın. Amma mən məhkəmə-istintaq təcrübəsinin sovet dövrünü götürəndə deyə bilərəm ki, ailə münaqişəsi zəminində cinayətlər az idi. İndi isə çoxalıb, bu da sırf yeni texnologiyalar inkişafı ilə bağlıdır. Yəni, ər arvadın,  arvad ərinin mesajını tutur. Bununla da, müasir texnologiyalar sanki konfliktli situsiyalara ”stimul" verir”.

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top