"İran Azərbaycanı qorxuda bilməz" — Rəsul Quliyev

GÜNDƏM 15 noy 2022, 22:43
Azərbaycanın uğurları artdıqca onun hərtərəfli inkişafından qıcıqlanan ölkələr öz münasibətlərini gizlədə bilməyəcəklər.

Bizimlə min illərlə eyni tarixə malik olduğumuz İran bu ölkələrdən biri, bəlkə də birincisidir. Min ildən artıqdır ki, İranın əksər şahları türk əsilli (azərbaycanlılar) olublar. Daha doğrusu bu min ildə bir dəfə milliyətcə kürd, bir dəfə də - 20-ci əsrdə fars olub.

Azərbaycanlı hər iki şah ümumiyyətlə heç fars dilini bilmirdi. Sonradan bir neçə aya öyrəniblər, çünki dövlət dili ya ərəb ya da fars dili idi. Həmin şahların isə ana dili Azərbaycan türkcəsi idi.
Xatırımdadır ki, İranın neqativ münasibəti Azərbaycan müstəqilliyini əldə etdikdən həmən sonra başlayıb. Bunun səbəbi İranın Türkiyəyə qarşı düşmən siyasətindən mayalanır. Onlar heç bir formada Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını həzm edə bilmirdilər. Onların fikirincə Azərbaycana İrandan yaxın heç bir ölkə ola bilməz, çünki dinimiz eyni şiyəlikdir. Millətimiz eyni İran imperiyasını yaradanlardır. Şahların demək olarki, hamısı və hətta baş ayətullahları azərbaycanlıdır.

1993-cü ildə türklər bizim ordu üçün bir neçə batalyon hazırlayırdılar. O, dövrdə İran bizdən bir batalyonı hazırlamaq üçün xüsusi çətinliklə icazə ala bildi. Əsgərləri hazırlayan iranlılara azərbaycanlı millətindən olan general rəhbərlik edirdilər. Türk zabitlərindən fərqli olaraq İran zabitləri tamamilə siyasiləşmiş adamlar idilər. Türklərin ideyalogiyası vətən sevgisi üzərində, İranın zabitlərinin idealogiyası isə islamın şiyəlik qolunun təbliği üzərində qurulmuşdu. Ona görə də biz onlarla hərbi əlaqələrimizi uzatmadıq. Təbii ki, İran bundan narazı qaldı. Daha sonra İranın bizə qarşı hücumu neft kontraktı bağlanan ərəfədə yenidən başladı. Onlar bizdən İranın neft şirkətinin əsrin müqaviləsində heç olmazsa ən azı 5 faizlə iştirak etmələrinə icazə verməyi tələb edirdilər. Onlar çox yaxşı bilirdilər ki, qərb kompaniyaları heç vaxt İranın iştirak etdiyi kontraktda iştirak etməyəcəklər və məqsədləri Neft kontraktının bağlanmasına imkan verməmək idi.
İranın antiazərbaycan siyasəti həmişə Ermənistanı dəstəkləmək olub və bunu heç vaxt gizlətməyib. İran Ayətullahları Azərbaycanda eyni rejimin yaradılmasını təbii və zəruri hesab ediblər və bu düşmən siyasəti bu gün də davam edir.

Müstəqilliyimizin birinci günündən Azərbaycan Din idarəsinin əli ilə 100-lərlə gənc azərbaycanlıları Qum şəhərində fundamental şiyəçiliyə hazırlayırdılar. Onların 90 faizi İran kəşfiyyatına, daha doğrusu Azərbaycan dövlətçiliyinin əleyhinə çalışanlardır. Bu gün də Azərbaycanda o adamlar var və dövlətin, xalqın əleyhinə mənfur işlərini davam etdirirlər.

Çox təssüflər ki, İran bu günə qədər azərbaycanlıların fundamentalist yox, liberal şiyələr olduğunu anlamaq istəmir. Heç bir səlahiyyəti olmayan İran prezidenti, İran parlamenti kimi Azərbaycanda da hakimi mütləq Ayətullah rejimi yaratmaq istəyirlər.

İranda xalqın qanını içən Ayətullah rejimi mövcuddursa bir o qədər də Azərbaycanda dövlət çevrilişinə cəhd qalacaq. Təbii ki, İran böyük dövlətdir. Güclü ordusu var. Ancaq Azərbaycanı qorxuda bilməz. Azərbaycanın arxasında Türkiyə və Pakistan kimi güclü ölkələr dayanıb. Azərbaycan İranı özünün bir nömrəli düşməni hesab edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə əlaqələrini yeni səviyyəyə qaldırmaq üçün əlindən gələni etməlidir. İsrail ilə diplomatik əlaqələr var, bu əlaqələri heç şübhəsiz ki, bir qədər də dərinləşdirməlidir. Çünki İran Azərbaycan üçün çox böyük təhlükədir və öz yaramaz siyasətini son dövrlər də daha da artırmışdır. Azərbaycanın beynəlxalq aləmdə, Türk dünyasında nüfuzunun qalxması, müzəffər ordumuzun işğal altında olan torpaqlarını azad etməsi İranı qıcıqlandırır.

Görünən budur ki, mehriban qonşuluq siyasəti aparan Azərbaycanın qələbəsini həzm edə bilməyən, müsəlman Azərbaycanına qarşı soyqırım törətmiş Ermənistanla qardaşlıq siyasəti aparan İran mollaları intiqam almaq istəyir və bunun yollarını axtarır.

Hesab edirəm ki, ilk növbədə Azərbaycanı İran agentlərindən təmizləmək, onları xalqdan izoliyasiya etmək lazımdır. Doğrudur bu işi Dövlət Təhlükəsizlik Xidməti görür. Amma hələ də İranın baş agenti
- başında əmmamə yerində dayanıb. Düşünürəm ki, ölkə daxilində dini reformaların həyata keçirilməsi, indiki dini liderlərin İranın tabeliçiyindən azad edilməsi olduqca zəruri və labüddür. Heç şübhəsiz ki, dünyada saysız hesabsız düşməni olan İran heç vaxt Azərbaycana qarşı birbaşa aqresiya etməyə cəsarət etməz. Ancaq daxili agentlərindən istifadə edib, terror, xaos və pozuculuq yarada bilər. Amma bütün bunlara rəğmən əminəm ki, xalqımızın birliyi və milli həmrəyli bu kimi təxribatların da qarşısı almaq iqtidarındadır…

Eks-spiker  Rəsul Quliyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top