Elmar Hüseynovdan protest: Azərbaycanın pullarını niyə havaya sovurursuz?!

GÜNDƏM 13 noy 2022, 21:22
Rejissor və ssenarist Roberto Benini 1997-ci ildə müharibədən bəhs edən "Həyat gözəldir" adlı bir film çəkir. Film İkinci Dünya müharibəsi dövründə arvadı və oğlu ilə birlikdə yəhudi düşərgələrinə aparılan yəhudi atanın və arxasınca gedən bir italyan ananın, övladını qorumaq üçün saysız-hesabsız fədakarlıqlardan bəhs edir. 1998-ci il Kann Film Festivalında festivalın Ən Böyük Mükafatını, 1999-cu ildə 7 nominasiyada namizəd olub, 3 nominasiyada - Ən yaxşı xarici film, Ən yaxşı aktyor və Ən yaxşı musiqi nominasiyalarında Oskar mükafatı qazanan film, indi də dünyanın ən yaxşı filmləri siyahısındadır. Yəqin ki, çoxunuz bu filmə baxmısınız...

Elə isə indi başqa bir film təsəvvürünüzə gətirin. Bir dəfəyə heç vaxt  baxa bilməyəcəyiniz film. Baxarkən 8 dəfə yatıb, 9 dəfə dayandırıb gedib gəzib gəlib yenidən baxacağınız bir film. Çox ağırdır, fasilə verib gözləyirsiniz ki, görəsiniz müəllif nə demək istəyir, yoxsa maraqsız  filmdir, bu qədər fasilə verirsiniz, suallarına cavabımız: - Hər ikisi... 

"Həyat gözəldir" filmindən 25 il sonra Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi, "Muğanbank"ın sponsorluğu ilə "Azərbaycanfilm"in istehsalı olan "Həyat, deyəsən, gözəldir" filmi haqqında danışırıq... Daha doğrusu, adı film olub, özünü rəzillikdən başqa bir şey adlandıra bilməyəcəyimiz bir şeydən... 

Öncə Mədəniyyət Nazirliyini qınamaq lazımdır ki, Zəfər günü ilə bağlı bu cür filmin çəkilməsinə nə qədər ehtiyac var idi? Filmin ilk subtitrində "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi" yazısından heç utanmadınızmı? Heç olmasa film təqdim olunmazdan öncə özünüz bu filmə baxmısınızmı? 
Əgər baxmamısınızsa, çox pis, baxmısınızsa ondan da pis. Madam bu cür film çəkmək istəyirdinizsə, "Komedixana"nın uşaqlarına müraciət edərdiniz də. Onlar həftədə bir dəfə belə film çəkirlər. Uzun müddətdə və yaxşı pulla bundan 10 dəfə yaxşı film də çəkərdilər...
Niyə Azərbaycanın pullarını havaya sovurursunuz? 

İkinci qınanmalı "Azərbaycanfilm" şirkətidir. Başqa ölkələrin filmləri dünya səviyyəsində qəbul olunur, beynəlxalq arenada müsabiqələrə qatılır. Müxtəlif mükafatlar alır. Bizim "Azərbaycanfilm" isə hələ də absurd filmləri ilə özünü dünyaya güldürür... "Azərbaycanfilm"in rəhbərlərinə demək istəyirəm ki, çox komik adamlarsınız e... Azərbaycanın dillərə dastan olacaq Zəfər Bayramına qəhrəmanlıq filmi həsr edərlər... Siz hələ də müəyyənləşdirə bilməmisiniz ki, çəkdiyiniz film, qəhrəmanlıq filmidir, yoxsa komediya? 


Nəhayət, üçüncü qınanılacaq şəxs tanınmış ssenarist və rejissor Vaqif Mustafayevdir. Düzdur, onun elə filmləri var ki, böyük səs-küyə səbəb olub. "Yaramaz" filmi ilə şöhrətlənən bu qocanın (69 yaşı var) bərbad günə qoyduğu "Space" telekanalından sonra son filmini də yaramzalıqdan başqa bir şey adlandırmaq olmaz. Rejissor filmə həyatındakı o qədər absurd məqamları da soxuşdurub ki, hətta filmin tamamilə nədən bəhs olunması barədə fikrini cəmləsdirməkdə çətinlik çəkirsən...
İndi isə film haqqında qısa fikirlərimizi yazaq:

Filmin ilk beş dəqiqəsi mükəmməldir. Təsvirlər gözəl, hadisələr gözəl. İlk beş dəqiqədən sonrası sərsəmləmələrdən ibarətdir. İki övladını müharibəyə göndərən ana xeyir dua almaq üçün Sımbat

Sımbatyanın yaşadığı binaya gedir. Rejissor onun yaşadığı evi qeyri-adi göstərmək istəyir. Amma bunun üçün evin zalında ipdən qadın ayaqqabıları asmaqla rejissor nəyin faciəsini yaşayır? Bu suala cavab tapmaq çətindir. 

Sımbatyan ölkənin birinci şəxsi Nikol Paşinyana öz əlləri ilə tikdiyi ayaqqabıları təqdim edir. O, yanına xeyir-dua almaq üçün gələn ana və oğulları ilə danışıb, erməni kişisi necə olmalıdır sualına cavab axtarır. 

Artıq Vaçik və Xaçik müharibədə... Müharibədə erməni tankı vurulur və qardaşlar müharibəyə yollanmazdan öncəki hadisələri xatırlayırlar. Vaqarşak Birinci Qarabağ müharibəsi qəhrəmanıdır. Xaçik və Vaçiki yola salmazdan öncə Böyük Ermənistan qura bilmədikləri üçün ağlayır. Onun ən yaxını isə deyir ki, gənclərimiz bu işi yerinə yetirəcəklər. 

Nəhayət, Xaçik və Vaçik müharibədə Azərbaycan əsgərlərinə əsir düşürlər. Qardaşlardan Vaçik aldığı kəllə-beyin travmasından erməni xislətini unudub. O erməni xisləti ilə yaşamır və bu bütün Azərbaycan həkimlərinin təəccübləndirir. Arvadı erməni olan həkim onu müalicə etməyə çalışır. Deyir ki, bu tarixdə görünməmiş hadisədir. Hətta həkimin uşağı atasına deyir ki, sənin arvadın ermənidir. Vaçik aldığı travmadan erməni xislətini itirdiyi üçün əsir olsa da çox xoşbəxtdir. Hətta bu barədə televiziyalara müsahibə də verir. 
Xaçik buna görə çox əsəbidir və öz qardaşını öldürmək istəsə də alınmır. Hətta absurd olan bu filmə absurd bir obraz Sayad Nova da soxuşdurulub. Və o erməni xislətini filmdə açmaqla məşğuldur...

Filmin sonunda əsirlərin dəyişdirilməsi prosesi başlayır və Xaçikdən fərqli olaraq Vaçik Ermənilər tərəfə deyil, günəşə tərəf addımlayır... 

Filmin məzmunu da özü kimi çox maraqsız və dayazdır. Fəryad filminin ssenaristi kimi Vaqif Mustafayevdən daha ciddi bir film gözləsək də, "Yaramaz"ın rejissoru bu dəfə çox yaramaz bir film çəkib. Həyat bəlkə də Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" və Vaqif Mustafayev üçün gözəl,  hətta çox gözəl ola bilər. Amma həyatda ifadə edə bilsələr də bir filmdə bunu heç cür ifadə etməyi bacarmayıblar...

Sonda demək istədiyim odur ki, filmin ilk 5 dəqiqəlik səhnəsinə aldanıb, filmə baxmayın. Zamanınıza heyfiniz gəlsin! 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2022, 17:57
Top